Newscenter.az.10.12.2020. 12 dekabr müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin anım Günüdür. Bu yenilməz və dahi şəxsiyyətin əbədiyyətə qovuşmasından ötən on yeddi il ərzində vətənimizin hər bir guşəsində onun nəhəng və işıqlı fəaliyyətinin izləri görünür. Bir həqiqət də ondan ibarətdir ki, bu anım günü Azərbaycanda yaşayan insanları birləşdirmək gücünə malik bir dövlətçilik ənənəsinə çevrilib. Onun anım gününün böyük ehtiramla qeyd edilməsi əslində Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə xalqımız tərəfindən verilən yüksək dəyərin göstəricisidir.
Bu sözləri KİV-ə açıqlamasında bildirən Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib ki, Ümummilli liderin Azərbaycana rəhbərlik illəri ölkəmizin gələcək taleyinin təyin olunması baxımından hər zaman həlledici rol oynayıb. Sovetlər Birliyi dönəmində Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr tariximizə yüksək iqtisadi sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Ulu öndərin müdrikliyi, qətiyyətli iradəsi və yüksək təşkilatçılığı sayəsində iqtisadi böhran həddinə gəlib çatmış respublika ən qısa zaman kəsiyində sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil oldu. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdırıldı.
Deputat vurğulayıb ki, Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını yüksəltdi, milli özünüdərk hissi gücləndi və mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük uğurlar əldə edildi. Bakının milli şəhər siması formalaşdırıldı, bütün sferalarda, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruh yüksəkliyi formalaşdı. Heydər Əliyevin respublikaya rəhbərlik illəri, əslində Azərbaycanın intibah dövrü sayılırdı və o zaman yaradılan möhkəm bünövrə ölkənin gələcək taleyi baxımından mühüm rol oynadı.
Ağalar Vəliyev qeyd edib ki, Heydər Əliyevin tarixi missiya daşıyan geniş miqyaslı fəaliyyəti ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə də özünü qabarıq şəkildə biruzə verməyə başladı. Azərbaycana göstərdiyi tarixi xidmətlərinə görə xalqımız Ulu öndəri xilaskar adlandırıb və düşünürəm ki, bu, tamamilə məntiqlidir. Şübhə yoxdur ki, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun dönməz xarakter alması birmənalı olaraq Heydər Əliyevin xidməti sayılır.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və siyasi anarxiyadan, iqtisadi böhran kimi ümidsizlik aşılayan bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi.
Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlandı, ardıcıl şəkildə həyata keçirilməsinə start verildi. Dünya Birliyində özünə möhkəm tərəfdaşlar qazanan müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyimizin ideologiyası və təməl prinsipləri yaradıldı.
Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev bu gün istər ölkə daxilində, istərsə də ölkə xaricində müstəqil və müasir Azərbaycan dövlətinin memarı sayılır. Vacib bir məqam da bundan ibarətdir ki, Heydər Əliyev siyasəti hər zaman ölkəmizin inkişafının, və yeniləşməsinin əsasını təşkil edib. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli inkişafında bu siyasət həlledici rol oynayıb və bu siyasi kursun uğurla davam etdirilməsi sayəsində insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib. Yeniləşmə nəticəsində şəhər və kəndlərimizin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyada ən uğurlu gənc dövlət kimi qəbul olunur, onun parlaq gələcəyinə olan inam Dünya Birliyində bizə çoxlu dostlar qazandırıb. Ölkəmizin mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə mövqe tutması insanlarımızın qürur mənbəyinə çevrilib.
Məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin arzuları artıq gerçəkliyə çevrilib. Ali Baş Komandan noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində söyləyib : “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik ”
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabr Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Deputat qeyd edib ki, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verən qurumun- YAŞAT Fondunun yaradılması da xalqın arzu və istəklərinə cavab verir. Fonda bir gün ərzində 1,5 milyon manat ianə edilməsi əsası Ulu öndər tərəfindən qoyulan xalq-iqtidar birliyinin güclü və davamlı olmasından xəbər verir. Eləcə də dekabrın 9-da Azərbaycan Prezidentinin hərbi qulluqçuların orden və medallarla təltif olunması ilə bağlı imzaladığı sərəncamlar dövlətin öz əsgərinə verdiyi yüksək dəyərin göstəricisidir.
Fəxrlə demək olar ki, bu gün Azadlıq meydanında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Ali Baş Komandanımızla yanaşı iştirak etdiyi Zəfər paradının keçirilməsi Azərbaycan dövlətinin hərbi-siyasi qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Millət vəkili söyləyib ki, qarşıda bizi işğaldan azad edilmiş torpaqlarda böyük quruculuq işləri gözləyir. Bir zamanlar Ulu öndər deyirdi: "Azərbaycan dünyaya günəş kimi doğacaq". Dahiyanə söylənmiş bu fikir yeni inkişaf mərhələmizin reallığına çevrilib . Bu bir həqiqətdir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq.