Newscenter.az.10.12.2020. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev keçmiş müavini, general-leytenant Əfqan Nağıyevi özünə müşavir təyin edib. Bir gün öncə də, dövlət başçısı tərəfindən ona "Qarabağ" ordeni verildi.
Bu həmin Əfqan Nağıyevdir ki, bu ilin mayında vəzifəsindən azad edilərək həbs edilmişdi. Təbii ki, istintaq gedir və onun nəticələri ilə bağlı indidən bir fikir söyləmək mümkün deyil.
Elə buna görə də, iki gündür ki, bununla bağlı cəmiyyətdə, insanlarımız arasında müzakirələr gedir ki, barəsində cinayət işi gedən adam niyə təltif olunur?
Bu məsələyə cavab verildi ki, Əfqan Nağıyevin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə əhəmiyyətli rolu olmuşdur.
Mənim əsas vurğulamaq istədiyim tamam başqa bir məsələdir. Bununla dövlət başçısı və AR Silahlı Quvvələrinin Ali Baş Komandanı hamıya çatdırmaq istəyir ki, bizim dövlət olaraq vahid düşmənimiz var, o da işğalçı Ermənistandır. Bu haqq mübarizəmizdə kim bizim yanımızda olacaqsa, bizə aid olan cəbhədə yer alacaqsa gözümüz üzərində yeri var və o xidmətlərinə görə mükafatını alacaq!
Bu həm də o deməkdir ki, kimliyindən və hansı mövqedə olmasından asılı olmayaraq, heç nəyi düşünmədən və tərəddüd etmədən ümummilli məsələlərdə hər birimiz vahid və dəmir yumruq ətrafında birləşməyi bacarmalıyıq. Demək ki, hətta ağır cinayətdə şübhəli bilinən şəxs belə, xalqına, dövlətinə və onun haqq mübarizəsinə mühüm töhfə verməklə günahını yuya bilər.
O ki, qaldı cinayət işinə, bilməyənlər üçün deyim ki, məhkəmənin hökmü olmadan heç kim, o cümlədən də hələ ki, barəsində araşdırma aparılan (əgər barəsində cinayət işinə xitam verilməyibsə) Əfqan Nağıyev də, təqsirli hesab oluna bilməz.
Xəyal Bəşirov-politoloq