Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya nümayiş etdirdi



Newscenter.az.10.12.2020. Bakıda, “Azadlıq” meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın rəzilliyini bütün dünyaya nümayiş etdirdi. Xüsusilə də, nəzərə alsaq ki, Bakıda keçirilən möhtəşəm Zəfər paradı Yerevanda 44 günlük müharibədə məhv edilmiş erməni hərbçilərinin ailələrinin etiraz aksiyaları fonunda keçirilirdi, bu faktor da Ermənistanın bundan sonrakı məğlub, rəzil damğasına ilə yaşayacağına siyasi işarə oldu. Bu səbəbdən də Zəfər paradı nə qədər azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvoludursa, bir o qədər də ermənilər üçün məblubiyyət, rəzillik amili olaraq yaddaşlarda qalacaq.

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək, hətta işğal altında olan torpaqlarımızı hər an azad etmək qüdrətinə malik olduğunu sübut etdi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli ordumuz düşməni diz çökdürdü, şanlı tarix yazdı. Dekabrın 10-da keçirilən Zəfər paradı qələbə sevincimizin tərkib hissəsinə çevrildi. Müzəffər ordumuz “Azadlıq” meydanında qürurla addımladı. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu paradda keçid etdi. Zəfər paradı tariximizə qızıl hərflərlə yazıldı. Qələbə paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də nümayişi böyük qürurverici hadisə oldu. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gündə etdi. Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş