Newscenter.az.11.12.2020. Bir il içərisində həyat, bəşəriyyətin yaşam şərtləri nə qədər dəyişdi; həm də köklü şəkildə dəyişdi! Sanki dünya məhvərindən oynadı! Uzaq-yaxın coğrafiyaya məxsus milyonlarla insan heç düşünmədən indi bizim bu parlaq sözlərimizə şərik çıxar. Bu, hələ harasıdı - sürət əsrinin ildırım sürətli və fövqəladə çevrilişi insanları cəmiyyətdən, toplumdan, ən doğmalardan, az qala uzaqlaşmaq şərtləri qarşısında qoydu...
Yeri gəlmişkən, əgər sentyabr ayının sonundakı indi hər kəsə məlum təqvim günündən ta noyabr ayının 10-na qədərki tarixədək Vətən müharibəsi, bu haqq və ədalət savaşında xalqımızın, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun dünyanın kar qulaqlarını, lal dillərini açan qələbə xəbəri olmasaydı, 2020-ci il Azərbaycan tarixində əndişə, təlaş, virus qorxusu ilə ləkələnmiş, dəyərsiz bir səhifə kimi qalardı. Hətta insanların sağlamlığı üçün COVİD-19-a qarşı mübarizədə digər dövlətlərə nümumə ola biləcək çevik addımların atılmasına baxmayaraq!
COVİD-19 qəfil gəldi, ildırım sürətilə gəldi, özüylə kütləvi ölüm təhlükəsi gətirdi. İşıqlı şəhərin qayır-qayır qaynayan küçələri boşaldı, geniş xiyaban və parklar, uşaq əyləncə mərkəzləri uşaq səsinə, insan nəfəsinə həsrət qaldı.
Naməlum düşmən sərhəd bilmədi, dünyaya meydan oxuyan hegemon dövlətlərə belə topsuz-tüfəngsiz, atomsuz, nüvəsiz daxil oldu. Amansız virus, istədiyim qapını açaram, dedi. Planeti pandemiya qorxusu bürüdü. Ölkələr sərhədlərini, evlər qapılarını bağladı. Pandemiya dünyaya psixoloji travma yaşatdı.
Həyatımıza yeni söz birləşmələri, heç sevmədiyimiz, lakin məcburən riayət etdiyimiz ifadələr daxil oldu: təcridolma, evəqapanma.
Qorxunc virusun böyük ölkələri cənginə aldığı ilk mərhələdə Azərbaycan dövləti ən doğru addımı ataraq Dünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı mübarizə tədbirlərinə qoşuldu. Yoluxmanın qarşısını almaq üçün ən qısa zamanda bütün zəruri tədbirlər görüldü. Yeni tipli xəstəxanalar, müasir laboratoriyalar, tibbi maskalar, tibbi-profilaktik tədbirlər tam bir ciddiyyətlə həyata keçirilirdi ki, dünyanı sarsıdan bu fəlakətdən ən az itki ilə çıxa bilək.
İlkin mərhələdə əsas vəzifə virusun yayılmasının qarşısını almaq, insanların həyatını qorumaq idi.Amma gözlə görünməyən daha bir düşmən də daxildə öz işini görürdü. Virusa yoluxmaq qorxusu! Bu qorxu instinkti, bir qədər əvvəl qeyd etdiyim kimi, hətta ən doğma insanları belə bir-birindən uzaqlaşmağa, ünsiyyətsizliyə vadar edirdi. Ekran-efirin gündəmi COVİD-19 boyalı, insanların başlıca söhbət mövzusu pandemiya idi.
Davamlı olaraq ikinci dalğa təhlükəsindən söz açılırdı. Sərt karantin rejiminin tətbiqi daxili gərginliyi artırır, posttravmatik stress üçün münbit şərait yaranırdı.
Məyusluq və ümidsizliyin çoxaldığı bir zamanda Qarabağ uğrunda savaşın başlaması sanki ölümlə çarpışmaqda olan ruhlara can verdi.
Vətən uğrunda haqq savaşı fərdi yanaşma baxımından vətəndaş cəmiyyəti üzvlərinə naməlum düşmənin - koronavirusun varlığını unutdurdu.
Amma bu işə səfərbər olunan yüksək ixtisaslı xidmət şəbəkəsinə məlumdur ki, infeksiyaya qarşı dövlət səviyyəsində ali humanist səylər bir an da olsun ara vermədən davam etdirilmişdir. Bu, öz yerində, biz artıq insanlarımızın psixoloji durumunu şərtləndirən ikinci fövqəlsəbəbdən danışmaq istəyirik.
Budur, bağlı qapılar açılır, xalq məlum düşmənlə savaşda ölüm qorxusunu unudur, Vətən, torpaq sevgisi ölümə qalib gəlir.
Həyatımızdan ötüb keçməkdə olan 2020-ci il öz xarakterik rənglərini yaddaşlara həkk etməyindən də qalmır. Cəmiyyətlər adətən rənglərin psixoloji assosiasiyasından danışarkən şəri qara, xeyiri ağ çalarlarla rəmzləndirirlər. Mənim aləmimdə ötüb keçən ilin xalqımızın nöqteyi-nəzərindən iki rəngi var: qarada koronavirusun peyda olması, insan təlaşları, qırmızıda Vətən müharibəsindəki möhtəşəm qələbəmiz, şəhidlərimizin vətən torpağını boyayan qızıl qanı simvolizə olunur. Məhz o qırmızının işığında əsrlər boyu əlçatmaz sayılan birlik qazanıldı. İnsanlar ümumi məqsəd ətrafında birləşdilər. Xalqla dövlət, iqtidarla müxalifət birliyi yarandı. Vətən sevgisinin yaratdığı birlik Milli ordunun gücünə güc qatdı. Daha bir ay ulduzlu bayrağın - Türkiyə dövlətnin qızıl bayrağının bayrağımızın yanında əzəmətlə dalğalanması ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu!
Özgürlük haqqı əsasən qan bahasına alınır. Bu, tarixi qanunauyğunluqdur. Qarabağ uğrunda savaş da qansız-qadasız ötüşmədi. Vətən üçün sinəsini düşmən gülləsinə sipər eləyən mərd oğullarımız qanları ilə tarix yazaraq şəhadət zirvəsinə yüksəldilər.
Biz qalib gəldik. Sevindik, gələcəyə, yaşamağa olan ümidlərimiz çoxaldı. 44 günlük müharibə dövründə virusu unutduq, amma o, unutmadı, öz işini gördü.
Göründüyü kimi, son günlərin mənzərəsi heç də ürəkaçan deyil, hətta qorxuncdur. Virus uşaq-böyük demədən hörümçək toru kimi ətrafımızı sarır.
Özümdən asılı deyil, elə hey bu ümumi bəladan xilas olmağın yolları barədə düşünürəm. Mənə elə gəlir ki, biz Vətən üçün, düşmən işğalında olan torpaqlarımızın azadlığı uğrunda qısa müddətdə necə səfərbər olduqsa, bu gözəgörünməz düşmənlə mübarizədə də eyni birliyi nümayiş etdirməliyik.
Hər iki düşmən xalq olaraq bizə ciddi daxili sarsıntılar yaşatdı. Müharibə və pandemiya hər kəsin həyatında mənfi izlər buraxdı. Kimində az, kimində çox. Yaşanan gərginliklər, ağır streslər isə yeni xəstəliklərə yol aça bilər. Bu, qaçılmazdır!
Hər bir düşüncəli vətəndaşımızın fikrincə, ürəklərdə ümid çırağını daim alovlandıran şərt budur ki, xalq yenə dövlətinin yanındadır. Ölkə qarşısında indi daha böyük vəzifələr durur. Düşmənin xarabazara çevirdiyi azad Qarabağ torpağında quruculuq işlərinə başlamaq, viranə şəhərlərin yerində düşmən gözü çıxaran müasir şəhərlər salmaq!
Düşmən üzərində qazanılan qələbə öz yerində, biz həm də Prezidentimizin söylədiyi kimi dəmir yumruq kimi birləşən bərabərliyimizin təntənəsini yaşayırıq. Bu qələbə digər bütün qələbələrin rəhnidir.
Amma kəskin dəyişmələr fonunda günümüzün mənzərəsinin sevinci qədər kədəri, qəmi, qüssəsi də var. Necə deyərlər, bir gözümüz ağlayır, o biri gözümüz gülür.
Olduqca həssas bir dönəmdə yaşayırıq. Müharibənin törətdiyi amansız acıları yaşayan ailələrimiz var. Şəhid məzarlarında göz yaşı tökən anaların, itkin ər yolu gözləyən gəlinlərin, dil açıb ata kəlməsini söyləyəcək yaşda olmayan körpələrin atasızlığı, övladını dağıntılar altından ölü çıxaran gənc atanın harayı, bunları yaşamaq, dəhşətlərin şahidi olmaq insan beyninə, ruhuna, psixologiyasına təsirsiz ötüşə bilərmi? Əsla yox!
Biz psixoloji mərkəz olaraq həmişə ailələrdə, evlərdə psixoloji sabitliyi qorumaq, gələcəyimiz, sabahımız olan uşaqların psixoloji baxımdan sağlam böyüməsi üçün çalışmışıq. Dövlətimizin bu istiqamətdə apardığı siyasətə uyğun olaraq vətəndaş cəmiyyətinin inkişafına imkanımız daxilində dəstək olmuşuq.
Bu gün isə qarşıda daha ciddi və təxirəsalınmaz vəzifələr dayanır. Hələ ki, qələbə sevinci yaşanan dönəmdə keçirdiyimiz sarsıntıların yaşlılara, hamilə qadınlara, əsgərlərə, uşaqlara, xüsusən də yeniyetmələrə necə təsir etdiyini, bunun sonrakı fəsadları barədə düşünmək yada düşmür. Amma biz öz vəzifə borcumuzu bilirik. Biz bu barədə düşünməyin məsuliyyəti altındayıq. Yəni hər birimiz... Elə buna görə də ağır döyüşlərin getdiyi günlərdə təcrübəli psixoloqlardan ibarət heyətlə bölgələrə səfər etdik. Gəncədə, Bərdədə olduq, döyüş şəraiti nəzərə alınmaqla mümkün dəstəyi göstərdik. Həmin günlərdə pandemiya qaydalarına, müharibə şərtlərinə uyğun həm Gəncə, həm də Bərdə şəhərlərindəki filialları müvəqqəti bağlamaq məcburiyyəti ilə üzləşdik. Amma bu, bölgələrdə "Loqos"un fəaliyyətinin dayanması demək deyildi. Əksinə, insanların psixoloji dəstəyə daha çox ehtiyacı olduğu anlarda əməkdaşlarımız təhlükəni unudaraq peşə borclarını ikiqat yerinə yetirdilər. Şəhid ailələrinin, dinc şəhərlərdə düşmən fitnəsinin qurbanı olanların doğmalarının, mənəvi-psixoloji dəstəyə ehtiyac duyanların yanında oldular. Halbuki onlar özləri də, ailələri də hər an gözlənilməz təhlükələrə üzləşə bilərdilər. "Loqos" ailəsinin göstərdiyi maddi yardımdan söz açmaq istəmirəm. Çətin günlərdə tikəmizi bölüşmək bizim xalqın mənəvi yetkinliyidir. Başqa xalqlardan, millətlərdən fərqimiz də elə bundadır. Biz sevincimizi, kədərimizi təmənnasız bölüşməyi bacaran xalqıq!
Pandemiyadan dərs aldıq, düşmən məkrindən dərs aldıq.
Hər pis işin sonunda bir xeyir var deyib ulularımız.
Pandemiya bizə sağlamlığımızın necə dəyərli olduğunu öyrətdi. Nə yeməliyik, necə yaşamalıyıq ki, dərmanı olmayan virusun bizə gücü çatmasın deyə ailələri uzun illər uzaq düşdükləri süfrə başına topladı, alış-veriş səbətinin ünvanı dəyişdi, hardan gəldiyi, necə istehsal edildiyi bilinməyən abur-cuburlar mağaza piştaxtalarında qaldı. Təmiz, sağlam qida axtardıq, yerli və təbii məhsullara üz tutduq.
Maksimalizmdən minimalizmə enişin faydalarını saymaqla bitməz. Sən demə, minimalizmlə yaşamağın özgə bir üstünlüyü varmış. Bu, təbii ki, geniş söhbətin mövzusudur. Sonda bir məqamı diqqətə çəkmək, psixoloji sabitliyi qorumaq və hələ nəticələrini bilmədiyimiz psixoloji sarsıntıların yarada biləcəyi posttravmatik xəstəliklərdən qorunmağın vacibliyini bir daha xatırlatmaq istərdim.
Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin sədri