Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Emin Hacıyev: Zəfər paradı tarixi Qələbəmizin zirvə nöqtəsidir



Newscenter.az.13.12.2020. Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin Zəfər paradındakı çıxışı keçilmiş qısa tarixi dövrün - Vətən müharibəsi dövrünün, rəşadətli Ordumuzun gücünün dərin təhlili kimi xarakterizə olunur, həm də bundan sonrakı fəaliyyətimizin Yol Xəritəsi sayılır.

Bu fikri Milli Məclisin Sumqayıtdan seçilən deputatı Emin Hacıyev bildirib. Zəfər paradı bütün dünyaya Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı tarixi hadisədir deyən deputat qeyd edib ki, ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” düşüncəsi böyük ideoloji gücə malikdir və əbədi birliyimizin ifadəsidir.

Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradı həm də Ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha gözlər önünə sərdi. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malik olduğunu bir daha sübut etdi. Müzəffər Ordumuz Azadlıq meydanında qürurla addımladı. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu paradda keçid etdi.

Bir məqamı da diqqətdən qaçırmayaq ki, Zəfər paradı Yerevanda 44 günlük müharibədə məhv edilmiş erməni hərbçilərinin ailələrinin etiraz aksiyaları fonunda keçirilirdi, bunun özü də müəyyən rəmzi xarakter daşıyır və Ermənistanın əbədi məğlubiyyətinə bir işarədir.

Başqa bir məsələyə də toxunmaq istəyirəm ki, Azərbaycanın müstəqil dövlətinin yaranma prosesi məhz Azadlıq meydanından başlayıb. Biz yüzlərlə şəhidi bu meydandan əbədiyyətə yola salmışıq. Bu mənada Zəfər paradının məhz Azadlıq meydanında baş tutması böyük rəmzi məna daşıyır. Eyni zamanda, 44 günlük müharibədə qazandığımız Qələbə və möhtəşəm parad Ermənistan üçün böyük tarixi dərs oldu. Onlar artıq heç bir vaxt heç bir ölkəyə qarşı torpaq iddiaları qaldırmaq, işğalçılıq siyasəti həyata keçirmək iddiasında olmayacaqlar. Bu onlara əbədi dərs oldu, deyə Emin Hacıyev söyləyib.

Bu gün dünya Azərbaycanın gücünü gördü və elə bir dövlət olmadı ki, haqlı mübarizəmizdə bizi dəstəkləməsin. Tarixi Qələbəmizin zirvə nöqtəsini – Zəfər paradını reallaşdırmaqla biz həm də yeni dövrə qədəm qoyduğumuzu bir daha sübut etdik.

Azərbaycan son dövrlərdə neçə-neçə regional təşkilatların yaradıcısı olub, böyük tədbirlərə ev sahibliyi edib. Artıq çoxdan sübut olunub ki, ölkəmiz Cənubi Qafqazın lideridir və Azərbaycan olmadan bu regionda heç bir inkişafdan söhbət gedə bilməz. Qələbə sevincini, bu tarixi günləri bizə yaşadan Müzəffər Ali Baş Komandana böyük minnətdarlıq hissimizi çatdırır, Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzu edirik.

Dövr bizimdir, Qələbə bizimdir. Gələcək bizimdir!
Xəbəri paylaş