Newscenter.az.13.12.2020. İtaliyanın "Lo Spessore" onlayn qəzetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İaREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifliyi ilə ümummilli lider, Azərbaycan tarixində əvəzedilməz xidmətləri olan ulu öndər Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar olaraq "Azərbaycan tam qələbə şəraitində öz ümummilli liderini yad edir" başlıqlı məqalə dərc olunub.
Newscenter.az xəbər verir ki, məqalədə 2 gün əvvəl, Bakıda, beynəlxalq hüquqla müəyyənləşdirildiyi kimi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğaldan azad edilməsi münasibətilə zəfər paradının keçirildiyi, bu günkü 12 dekabr tarixində isə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdiyi bildirilərək 2020-ci ilin dekabr ayının Azərbaycanda uzun illər xatırlanacağı qeyd olunub.
Müəllif bildirir ki, yeni minilliyin Azərbaycan tarixi Heydər Əliyevin siyasi, iqtisadi və sosial baxışlarının təzahürüdür. "Qərbə görə, Bakı daima inkişafda olan müasir və zəngin bir paytaxtdır. Burada inkişaf hədəfləri institusional prioritetdir, infrastrukturların inkişafı davamlı və dinamikdir. Bu nəticə məhz institusional rəhbər, vətənin atası Heydər Əliyevin uzaqgörən strategiyasından irəli gəlir" - deyə D.Letizia vurğulayıb.
Müəllif bildirib ki, Ermənistanla 30 illik Dağlıq Qarabağ münaqişənin sona çatması bizi bu günkü uğurun təməlini qoyan Heydər Əliyevin siması barədə yenidən düşünməyə sövq edir. Onun fikrincə, Heydər Əliyevin məqsədi hər şeyi sıfırdan başlamaq, Azərbaycanın dövlət institutlarını və siyasi rəhbərliyini gücləndirmək idi. "O öz fəaliyyətini 3 əsas üzərində qurmuşdur: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla hərbi atəşkəsin əldə edilməsi və münaqişənin Azərbaycanın xeyrinə ədalətli həlli üçün beynəlxalq hüquq bazasının gücləndirilməsi, Azərbaycanın müstəqil siyasətinin təmin edilməsi, 1994-cü ildə "əsrin müqaviləsi"nin imzalanması ilə başladılan, ölkənin iqtisadi inkişafı, hərbi qüdərtinin gücləndirilməsi üçün mühüm olan, iri Qərb enerji şirkətləri ilə əməkdaşlıq formasında ölkəsində mövcud böyük enerji yataqlarının işlədilməsinə yönəlmiş enerji strategiyası" - deyə jurnalist fikirlərinə davam edir.
O bildirir ki, 2003-cü ildən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbayancana güclü iqtisadi, sosial, hərbi inkişaf təmin edən bu 3 hədəfə nail olunub. Müəllif qeyd edir ki, Azərbaycan dinin dövlətdən ayrı olması, ölkədə multikulturalizmin konstitusiya tərəfindən tanınması kimi avanqard siyasətlər həyata keçirən bir dövlətdir. "Heydər Əliyev şəxsiyyəti və onun hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətin təsdiqlənməsini təmin etdi, ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında, beynəlxalq münasibətlərində dönüş nöqtəsi oldu və milli maraqları mərkəzə qoyan demokratik prinsiplərlə dövlət quruculuğu prosesinə başlanıldı" - deyə jurnalist vurğulayıb.
Məqalədə ümummilli lider Heydər Əliyevin öz siyasətində ölkədə multikulturalizm modelinin təmin edilməsinə böyük əhəmiyyət verdiyi vurğulanıb. Müəllif bunun, Prezident İlham Əliyevin 2005-ci ildə İsmayıllı rayonunun İvanovka kəndinə səfəri zamanı kənd sakinləri qarşısında çıxışında da öz əksini tapdığını bildirirərək dövlət başçısının fikirlərindən sitat gətirib: "Biz tarixi, aktual hadisələri yaxşı bilirik və digər ölkələrdə baş verən problemlərə, dini etiqadlarla bağlı problemləri diqqətlə izləyirik. Çoxsaylı etnik və dini azlıqların yaşadığı ölkələr var və eyni zamanda bu azlıqlar arasında dialoq çatışmazlığı var. Azərbaycanda bütün Azərbaycan vətəndaşlarının sayəsində başqa model mövcuddur. Bu, 70-ci illərdən 90-cı illərin sonuna qədər çoxmədəniyyətli dövlət siyasətini həyata keçirən ümummilli liderimiz Heydər Əliyevdən qalma bir mirasdır. Bu gün hər bir Azərbaycan vətəndaşının bərabər hüquqları və vəzifələri vardır və fərdi dini və ya etnik mənsubiyyətə malik vətəndaşlar arasında heç bir fərq yoxdur".
Məqalədə qeyd olunub ki, Azərbaycanın multikulturalizm modeli ölkədəki və xaricdəki müxtəlif dinlərə mənsub abidələrin qorunması və bərpasına dövlətin diqqət və qayğısını da əhatə edir. Bu baxımdan Papa II İohann Pavelin 2002-ci ildə Azərbaycana tarixi səfəri xatırlanaraq səfərdən sonra Prezident Heydər Əliyevin qərarı ilə Bakıda Katolik kilsəsinin inşası üçün ərazinin müəyyənləşdirildiyi və Azərbaycan hökumətinin həmin kilsənin inşasına öz töhfəsini verdiyi bildirilib. Müəllif qeyd edib ki, ölkənin bu çoxmədəniyyətli bazası bu gün xüsusi aktuallığa malikdir, çünki bu baza ölkə ərazi bütövlüyünü bərpa etdikdən sonra Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin edəcəkdir.
Sonda müəllif ümummilli lider Heydər Əliyevin həm də Azərbaycanın İtaliya ilə münasibətlərinin banisi olduğunu və ulu öndərin 1997-ci ildə İtaliyaya rəsmi səfərinin bu gün Bakı ilə Roma arasında strateji tərəfdaşlıq səviyyəsinə çatan əməkdaşlıq yolunun təməlini qoyduğunu vurğulayıb.