Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: "Həmsədrlərin Bakıya gəlməkdə yeganə məqsədləri"



Newscenter.az.13.12.2020. ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfəri və Prezident İlham Əliyevin qəbulunda olmaları ilə bağlı xəbər iki gündür müzakirə olunur. Hamı onların ünvanına əslində layiq olduqları ifadələri işlətsə də, onların gəliş məqsədlərinə toxunan fikrə rast gəlmədim.
Qrupun yaradılmasında əsas məqsəd nə idi?! Erməni təcavüzü nəticəsində yaranan münaqişənin müharibəsiz, sülh və danışıqlar yolu ilə həll etmək! Ancaq həmin həmsədrlər müaqişənin həllini dalana dirəmək məqsədi ilə, bura "Dağlıq Qarabağ"ın statusu məsələsini də əlavə etmişdilər.

Həmsədr ölkələrin müəyyən edilməsi zamanı ümummilli lider Heydər Əliyevin ABŞ, Fransa və Rusiyaya razılıq verməsi də taktiki gediş idi. Məqsəd, BMT TŞ-ın daimi üzvləri olan bu dövlətlərin özləri tərəfindən də imzalanmış 4 qətnamənin icrasına elə onların özləri vasitəsi ilə nail olmaq idi. Ancaq ikili standartlar buna imkan vermədi.

Azərbaycan dövləti növbəti dəfə, 14 mart 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş bütün ərazilərindən, tam, dərhal və qeydsiz-şərtsiz çıxarılması barədə 62/243 saylı qətnamənin qəbul edilməsinə nail oldu. Ona da əməl olunmadı və bu istiqamətdə BMT-nin beş ölümsüz ağsaqqalından üçü olan həmsdərlər heç bir addım atmadı əksinə qarşı çıxdılar. Hələ o zaman bunlar yararsızlıqlarını və münaqişənin həllinə töhvə verməyəcəklərini ortaya qoydular. Təxminən o zamandan başlayaraq ATƏT-in faktaraşdırıcı missiyası da demək olar ki, həmsədrlər kimi fəaliyyətini faktiki dondurmuş oldu.

Bütün bu hadisələri diqqətlə müşahidə edən Azərbaycan özü üçün lazımi nəticəni çıxartdı. Elə bu prosesin məntiqi nəticəsi kimi münaqişənin həlli üçün regionda növbəti müharibə reallaşdı. Azərbaycan ordusu işğalçı dövlətin təxribatlarına əks-hücum yolu ilə cavab verərək, öz ərazilərini işğaldan azad etdi.

Biz torpaqlarımızı düşməndən təmizləməklə ərazilərimizi işğaldan azad etdik və Qələbəmizi qazandıq! Bizim üçün münaqişə və müharibə bitdi! Uduzan və darmadağın olan Ermənistan üçün münaqişənin bitməməsini hardasa başa düşmək olar. Əsrlər boyu hazırladıqları utopik planları puça çıxdı!
Bəs otuz ildir ki, mənasız və nəticəsiz danışıqlar aparan həmsədrlərin hansı planları puç oldu? Təbii ki, özləri tərəfindən missiyalarına əlavə etdikləri status məsələsi. Bu məsələyə də, Azərbaycan öz münasibətini Prezident səviyyəsində artıq bildirilib.

Prezident İlham Əliyev də, elə bu sbəbdən, bizim üçün müzakirə olunacaq heç bir məsələnin qalmadığına görə onlara kameralar önündə və ictimaiyyətə açıq şəkildə danışmağı təklif etdi. Çünki bundan əvvəl dövlət başçısı özünün çıxışlarında da, region dövlətlərinin əməkdaşlıq perspktivlərini və bu prosesdə mövqeyi dəyişmiş Ermənistanın da iştirakının mümkünlüyünü qeyd etdi. Yəni, artıq regionda problem qalmayıb və yaranarsa belə onu region dövlətləri öz imkanları səviyyəsində həll etmək iqtidarındadırlar. Bax bu məqam, bizimlə bərabər ən az, şimal və cənub qonşularımızla yanaşı qardaş Türkiyənin də maraqlarına xidmət edir.

Mənim üçün qaranlıq qalan məqam isə, bu məsələdə bizimlə eyni mövqedə olan və əsas məqsədi münaqişəyə tam son qoymaq olan 10 noyabr bəyənatının tam şəkildə icra olunmasının tərəfdarı olan Rusiyanın nümayəndəsinin də iştirakı ilə bağlı idi. Hər halda diplomatik etika xətrinə son iştirak kimi qiymətləndirmək də olar.

Xəyal Bəşirov-politoloq
Xəbəri paylaş