Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərpa olunan enerji mənbələri üzrə onlayn seminar keçirilib



Newscenter.az.14.12.2020. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin Beynəlxalq Ticarət Departamenti və Britaniya Biznes Qrupunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Bərpa olunan Enerji Sektoru: Dəyişikliklər və Fürsətlər” mövzusunda onlayn seminar təşkil olunub.

Newscenter.az-a Energetika Nazirliyindən verilən məlumata görə, seminarın əsas məqsədi Böyük Britaniya şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sektorunda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar haqqında məlumatlandırılması və bu prosesin şirkətlərə hansı investisiya imkanları açacağının müzakirəsindən ibarət olub.

Seminarda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı kimi beynəlxalq təsisatların nümayəndələri ilə yanaşı BP, ABB, Hayward Tyler, Nobel Oil, Royalton Holdings, Mott MacDonald və s. kimi şirkətlərdən 100-ə yaxın təmsilçi və ekspertlər də iştirak edib.

Təqdimatçı qismində çıxış edən Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov Azərbaycanın energetika sektorunda aparılan islahatlar, ənənəvi energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında hazırlanmış qanunvericilik aktları barəsində danışıb. Xüsusilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi haqqında ətraflı məlumat verilib və bildirilib ki, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış qanun layihəsində bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün nəzərdə tutulmuş istiqamətlərdən biri bərpa olunan enerji hərraclarının keçirilməsidir. Eyni zamanda, Azərbaycanda bərpa olunan enerji potensialı, bu sahə üzrə görülən işlər, günəş və külək enerjisi sahəsində həyata keçirilən pilot layihələr, qarşıya qoyulmuş hədəflər haqqında ətraflı məlumat verilib.

Seminar çərçivəsində təqdimatla çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycanın bərpa olunan enerji potensialı ilə bağlı seminar iştirakçıları məlumatlandırılıb. Təqdimatda xüsusi ilə Dağlıq Qarabağ və ətraf regionların hidroenerji, günəş, külək enerjisi kimi bərpa olunan enerji potensialı şərh edilib, bu ərazilərdə dəqiq potensialın hesablanması sahəsində görüləcək işlər və atılacaq addımlar diqqətə çatdırılıb, bu sahədə özəl sektorla əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.

“Qlobal enerji transformasiyasına ümumi baxış. Azərbaycanın perspektivləri” adlı təqdimatla çıxış edən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ölkələrlə qarşılıqlı əməkdaşlıq üzrə direktoru Gürbüz Gönül dünyada bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin inkişafı haqqında ətraflı məlumat verib və müvafiq sahədə Azərbaycanla uğurlu əməkdaşlığın davam etdirdildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarda həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshire, Britaniya Biznes Qrupunun sədri John Patterson, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional vitse-prezidenti Niall Henderson da çıxış ediblər.

Sevinc
Xəbəri paylaş