Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağstafa İcra Hakimiyyəti karantin rejiminin sərtləşdirilməsi barədə qərara əməl etmir



Newscenter.az.19.12.2020. Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verdiyi ərəfədə Ağstafa şəhərində restoran açılışı olub.

"Report"un xəbərinə görə, "İzmir" adı verilən restoranın açılış mərasimi ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi barədə qərarından sonra baş tutub.

Açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təmtəraqlı tədbirdə restoranın sahibi Zabit Vəliyev çıxış edib.

Sosial şəbəkə istifadəçiləri Ağstafa RİH-in saytında yerləşdirilən fotoları paylaşaraq iştirakçıların karantin qaydalarını pozduğunu bildirir.

Tədbir zamanı iştirakçıların cəm halında toplaşması, sosial məsafəyə və tibbi maskadan istifadə qaydalarına riayət olunmaması kimi hallar da müşahidə olunub. Çünki hələ virusun ölkəmizdə yayıldığı ilk aylarda insanların cəm halda bir yerə toplaşması qadağan edilib.

Ağstafa RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Naqif Mehdiyev "Report"a bildirib ki, həmin restoran dekabrın 9-u açılıb:

“Xəbər isə dekabrın 13-ü icra hakimiyyətinin saytında paylaşılıb. Nazirlər Kabinetinin qərarı da ayın 14-ü qüvvəyə minib. Həmin açılışda kimin iştirak etməsi barədə məlumatım yoxdur. Məzuniyyətdə olmuşam, işə də bu gün çıxmışam. Hazırda rayonda heç bir restoran və kafe fəaliyyət göstərmir. Həmin restoran da yalnız qayda-qanuna uyğun olaraq onlayn sifariş və çatdırılma ilə işləyir”.

Eyni zamanda dekabrın 15-də Ağstafa RİH rəsmi feysbuk səhifəsində restoranın açılış mərasiminin keçirilməsi ilə bağlı məlumatları və fotoları paylaşıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yüksək yoluxma səviyyəsini nəzərə alaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi ilə bağlı dekabrın 8-də qərar imzalayıb. Qərara uyğun olaraq, dekabrın 14-dən ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Xəbəri paylaş