Newscenter.az.22.12.2020. “AzerGold” QSC və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini elan edir.
Newscenter.az-ın ““AzerGold”a istinadən verdiyi məlumata görə, dizayn müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilən Qarabağa həsr edilib. Müsabiqə Qarabağımızın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir.
Dizayn müsabiqəsi “Qarabağın qədim mədəni irsi”, “Qarabağın qədim tarixi”, “Qarabağın simvolları”, “Şanlı Ordumuzun zəfər yürüşü”, “Biz Qarabağa qayıdırıq”, “Əsirlikdən azad edilən abidələr” kimi mövzu istiqamətlərini əhatə edir. İştirakçılar yuxarıda sadalanan mövzular üzrə hazırladıqları layihələri www.azergold.gift platformasında yaradılan xüsusi səhifə vasitəsilə yükləməklə müsabiqəyə qoşula bilərlər.
Təqdim ediləcək dizayn nümunələri müsabiqənin Əsasnaməsində qeyd edilən şərtlərə cavab verməlidir. Layihələr ölkənin tanınmış mədəniyyət xadimləri, rəssamlar və dizaynerlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq kimi meyarlar nəzərə alınmaqla anonim qaydada qiymətləndiriləcək. İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3 000 manat, 2-ci yer 2 000 manat, 3-cü yer 1 000 manat) ilə təltif ediləcəklər. Əlavə olaraq müsabiqəyə daxil olan bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1 000 manat məbləğində pul mükafatı təqdim olunacaq.
Müsabiqə elan olunduğu vaxtdan – 22.12.2020 tarixindən etibarən başlayır, müvafiq dizayn layihələrinin qəbulu üçün son tarix 01.02.2021-ci ildir.
Qeyd edək ki, Qarabağın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin elementlərinin sikkələrdə öz əksini tapması bu dəyərlərin təbliğinə xidmət edir. Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal olunan 3 növ qızıl və gümüş sikkələrin üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı https://azergold.gift/az/contest linkinə keçid edərək əldə edə bilərsiniz.
Sevinc