Newscenter.az.22.12.2020. Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müəllimi, tanınmış rəssam Tünzalə Məmmədzadənin rəhbərliyi ilə universitetin Dizayn ixtisasının tələbələri Qarabağda park layihələri hazırlayıblar. Tələbələr işğaldan azad olunmuş torpaqlarımızda istədikləri regionu seçərək həmin əraziyə uyğun park layihəsi təqdim ediblər.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, tam olaraq onlayn şəkildə həyata keçirilən layihədə Dizayn ixtisasının II kurs tələbələri - Elnarə Rzayeva, Fatimə Məmmədli, Nərmin İsmayılova, Nərmin Kərimli, Ofelya Hüseynzadə, Tutu Qurbanova verilən tapşırıqları yüksək səviyyədə tamamlayıblar.
BMU müəllimi T.Məmmədzadə bildirib ki, bu layihənin icrasına başlanarkən hələ Şuşa şəhəri işğaldan azad olunmamışdı. Müzəffər Ordumuzun Qələbə xəbərləri gəldikcə tələbələr bundan ruhlanaraq daha həvəslə işləyiblər.
Xatırladaq ki, bir müddət öncə də T.Məmmədzadənin təşəbbüsü ilə həyata keçirilən digər layihə çərçivəsində BMU tələbələri işğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı mənzərələri rəsmə çevirmişdilər.
R.Mehdiyeva