Newscenter.az.22.12.2020. Dünya Bankı Qrupunun nüfuzlu və mühüm nəşri sayılan “Doinq Business”in hesabatında Azərbaycanın dünyanın ən islahatçı 10 ölkəsindən biri sırasında yer alması və 191 ölkə arasında 28-ci yerə yüksəlməsi həm qürur doğuran hadisədir, həm də böyük uğurumuzdur. Bu həmçinin onu göstərir ki, Dünya Bankı Azərbaycanda aparılan islahatlara yüksək dəyər verir və bu prosesə xüsusi diqqət yetirir, aparılan islahatların gedişatını daim diqqət mərkəzində saxlayır.
Yeri gəlmişkən, ölkəmizin Dünya Bankı ilə əməkdaşlığı hələ 1992-ci ildən başlayıb və o vaxtdan bəri iş birliyimiz daim yüksələn xətlə inkişaf edir. Dünya Bankı Azərbaycanın iqtisadi sektorunda aparılan islahatları həmişə dəstəkləyib. Çünki Dünya Bankı Azərbaycanın öz tərəf-müqabilləri ilə münasibətlərində dürüstlüyü və öhdəliklərə sadiqliyini görür. Bu isə Dünya Bakı üçün ən vacib kriterlərdən biri sayılır. Odur ki, bu günlərdə Dünya Bankının daxili audit qurumunun Bankın 2020-ci ilə dair "Doing Business" Hesabatında müstəqil araşdırma aparmasının yekun nəticəsi olaraq, Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşdırılıb və ölkəmiz otən ildə olduğu kimi yenə də dünyanın “ən islahatçı 10 ölkə”si sırasına daxil edilib. Heç şübhəsiz ki, bu böyük uğurdur və bu uğur onu göstərir ki, Prezident İlham Əliyevin iqtisadi sahədə apardığı dərin islahatlar artıq öz müsbət nəticələrini verir.
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri