Newscenter.az.22.12.2020. Qarabağda Rusiya qoşunlarının artırılması məsələsi ciddiləşir. Əvvəlcə ictimai rəyi Rusiya prezidentinin il sonu mətbuat konfransında verdiyi açıqlamalarla hazırladılar. Ardınca Rusiyanın müdafiə naziri Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirdi. Şoyqunun bildirdiyinə görə, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır. Bu isə o anlama gəlir ki, müvəqqəti kontingentin sayı dəfələrlə artaraq 10000 nəfərə çatdırılacaq. Maraqlıdır, erməni yaraqlılarına güldən ağır söz deməyən rus əsgərlərinin Qarabağda artırılmasına nə hacət var? Halbuki bu günə qədər Azərbaycan əsgəri deyil, erməni terrorçuları təhdid rolunda çıxış edir. Azərbaycan əsgəri təhdid deyilsə, onda rus qoşunlarının 5-6 dəfə artırılması hansı məqsədlərə xidmət edir? Demək ki, Rusiya Qarabağda hərbi baza yaratmağı düşünür. Bu da o deməkdir ki, ruslar Qarabağdan çıxmayacaq, Qarabağ, bütövlükdə isə Azərbaycan üçün ən böyük təhdid olmağa davam edəcək.
Dostlar, indi erməni yaraqlılarının Qarabağa sızması və Azərbaycan əsgərlərinə hücum etməsinin altında yatan qara niyyəti anladınızmı? Aydın olur ki, bütün bunlar Rusiya qoşunlarının Qarabağdakı sayını artırmağa zəmin hazırlamağa xidmət edib. Ancaq rus qoşunlarının sayının artırılması birtərəfli qaydada mümkün deyil. Bunun mümkün olması üçün Azərbaycan tərəfinin razılığı olmalıdır. Əgər Qarabağdakı rus qoşunları artacaqsa, əmin olun ki, buna Azərbaycan hakimiyyəti razılıq verəcək, bununla da Dağlıq Qarabağ birdəfəlik Rusiyanın olacaq. Hansı ki, bu gerçəyi 10 noyabr bəyanatının imzalanmasından dərhal sonra bildirmişdik.
Sosial Tədqiqatlar Mərkəzinin Qarabağda baş verənlərlə bağlı təqdim etdiyi son "araşdırma" nəticələrini də elə ictimai rəyin hazırlanması kimi qəbul etmək olar. Əgər "araşdırmanı" oxusanız, dostlar, siz də bir çox ziddiyyətli məqamların şahidi olacaqsınız.
Natiq Miri-politoloq