Newscenter.az.23.12.2020. “Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətin məsələlərlə üzləşdik. Qarşılaşdığımız təhdidlərin böyüklüyünə baxmayaraq, qardaşlarımızın şərəfini, ölkəmizin mənfəətlərini, əziz millətimizin haqq və hüququnu heç kəsə çeynətmərik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Türkiyənin maraqlarını müdafiə etmək üçün lazım olanda bədəlini ödədik, çətinlik çəkdik, ancaq zalımlar qarşısında əsla baş əymədik. Bu gün Türkiyə deyiləndə ağla ilk olaraq insanlıq, ədalət, heysiyyətli xarici siyasət gəlir. Ölkəmiz prinsipal, qərarlı və vicdanlı siyasəti ilə Afrikadan Asiyayadək bütün məzlum və günahsızlara ümid verir. Ay-ulduzlu al bayrağımız millətimizin bütün dünyada zülmə qarşı dik duruşunu təmsil edir”, - o qeyd edib.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağda 30 ildir göz yumulan işğalına sona çatdırılmasına töhfə verib: “ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk qrupu 30 ildir bu məsələni həll edə bilməyib və azərbaycanlı qardaşlarımızı öz torpaqlarından qaçqın vəziyyətinə salıblar. Sonda azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdilər və ərazilərinə qovuşdular”.
“Qonşularımız başda olmaqla, heç kimin ərazisində və suverenliyində gözümüz yoxdur. Biz sadəcə ölkəmizin haqqına, hüququna, suverenliyə yönələn təhdidlərlə mübarizə aparırıq. Millətimizlə bərabər Kipr və Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq”, - Türkiyə Prezidenti bildirib.