Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmirin kəndlərində fermerlər üçün səyyar aqrar xidmətlər təşkil olunub



Newscenter.az.26.12.2020. Payızlıq əkinlərin bəyanı davam edir. Bəyan prosesinin sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir. Növbəti aqrar səyyar xidmət Kürdəmirin rayon mərkəzindən uzaqlıqda yerləşən Ərəbqubalı kəndində təşkil olunub.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmətin təşkilində Aqrar İnkişaf Könülllüləri Təşkilatının üzvləri də aktiv iştirak ediblər. Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, könüllülər tərəfindən fermerlərə maska paylanıb, onların müraciətləri qeydə alınıb.

Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir.

Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir, Bərdə, Şəmkir, Samux və digər rayonlarda müvafiq xidmətlər təşkil olunub. Aqrar səyyar xidmətlər payızlıq əkinlərin bəyanı başa çatanadək davam edəcək.

Orxan
Xəbəri paylaş