Newscenter.az.28.12.2020. “Hadrut və Tuğ kəndində ermeni silahlı birləşmələrinin növbəti dəfə hərbiçilərimizə hücumu son deyil. Əgər, qətiyyətli addımlar atılmasa, bu kimi diversiya halları davamlı olacaq”.
Newscenter.az.xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bu diversiya təxribatlarının arxasında Rusiya durur:
“Çünki, Rusiya Hadrutu götürmək və Xocalı aeroportunu açmaq üçün təzyiqlərini davam etdirir. Həmçinin Şuşaya azərbaycanlıların köçürülməsinə mane olmağa çalışır. Ermənilərin əli ilə terroru davam etdirməklə, bu ərazilərin təhlükəli olacağı mesajını verir. Qeyd edim ki, ötən gün Laçın dəhlizindən erməni hərbi kolonu Rusiya "sülhməramli" qüvvələrinin müşayəti ilə Dağlıq Qarabağa gətirilib. Məhz həmin silahlı erməni birləşmələri bu hücumu həyata keçirib”.
Politoloq deyib ki, 10 noyabr razılaşması Rusiya hakimiyyəti tərəfindən pozulur və bununla yanaşı erməni terroruna dəstək və istiqamət verilir:
“Bu hücumda Ermənistanın rolunu istisna edirəm. Nikol Pasinyan indiki vəziyyətdə Azərbaycanla müharibə etmək marağında deyil. Bu hücumları Rusiya hakimiyyəti təşkil edərək daima Azərbaycana təzyiq siyasətini formalaşdırır. Ermənilərin Xankəndiyə köçürülməsi və silahlı erməni birləşmələrinin qoruması, bu planın tərkib hissəsidir. Ümumiyyətlə Putin hakimiyyəti çalışacaq ki, burada ermeni terrorizmini inkişaf etdirərək, Azərbaycana qarşı istədiyi vaxtda təzyiqlər etsin. Ona görə də Azərbaycan Rusiyadan erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasını tələb etməlidir. Xankəndində Azərbaycanın yuridiskiyasının təmininə çalışmalıdır”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Hadrut və Tuğda baş verənlər göstərir ki, Rusiya ermeni terrorunun arxasındadır və "sülhməramlı" qüvvələr Rusiyanın Dağlıq Qarabağda hərbi bazası rolundadır:
“Artıq Rusiyanın Dağlıq Qarabağda sülhə və təhlükəsizliyə təhdid olduğu aydın görünür. Rusiya tərəfi burada öz hərbiçilərinin sayını artıracaq və Azərbaycanın Xankəndinə nəzarəti əldə etməsinə imkan verməyəcək. Ötən həftə V.Putin hərbiçilərinin sayının artırılmasını istisna etmədi. Qeyd edək ki, Rusiya bizim Xankəndini goturməyimizə mane olaraq indiki vəziyyəti yaradıb. Azərbaycan silahlı qüvvələri prosesi başa çatdırıb, bütün ərazilərdə erməni silahlılarını təmizləyəcəkdi. Rusiya 'sülhməramlı" qüvvələrinin Dağlıq Qarabağda Arayik Arutunyan və Vitali Balasanyana tam dəstək verməsi, onların statusunu tanıması və onlardan Azərbaycana qarşı istifadə etməsi ortadadır”.
Politoloq onu da qeyd edib ki, Azərbaycan Türkiyə qoşunlarını bu ərazilərə yerləşdirməli və anti-terror əməliyyatlarını davam etdirməlidir:
“Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi ictimaiyyətə məlumatlar verməlidir. Rusiya Azərbaycanı "sürünən" müharibəyə çəkir. Dağlıq Qarabağda mütləq söz sahibi Sülhməramli qüvvələrdir və onların razılığı olmadan erməniler diversiya edə bilməz. Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlamalı, Xocavənd və Xankəndi ətrafı hərbi əməliyyatlar keçirilməlidir”.
Mehman