Newscenter.az.28.12.2020. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov təmsil etdiyi Yevlax rayonunun ən böyük kəndlərindən olan Qoyunbinəsi kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid və qazi olmuş sakinlərin evində olub, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləyib.
Newscenter.az xəbər verir ki, İlham Məmmədov ilk olaraq şəhid İbrahim Hüseynov və Fərid Abışovun evlərində olaraq, mərhum şəhidlərimizin valideynləri ilə görüşüb. Millət vəkili şəhid valideynlərinə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu qəhrəmanların ruhu qarşısında baş əydiyini və hər birimizin vəzifəsindən asılı olmayaraq məhz İbrahim kimi, Fərid kimi şəhidlərimizə borclu olduğunu bildirib.
Millət vəkili öz növbəsində şəhidlərimizin valideynlərinə belə qəhrəman, vətənpərvər övladlar böyütdükləri üçün minnətdarlıq hissi duyduğunu deyib. Şəhid valideynləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini ifadə ediblər. Millət vəkili şəhid ataları İsa Hüseynovun və Əlfayım Abışovun problemləri ilə də yaxından maraqlanıb, bir sıra problemləri yerində həll edib, digərlərinin həlli istiqamətində müvafiq qurumlara məlumatların verilərək qısa zamanda həmin problemlərin də həlli yolunu tapacağını vurğulayıb.
Daha sonra Millət vəkili İlham Məmmədov Vətən müharibəsində böyük igidlik və şücaət göstərərək öz sağlamlıqlarından keçmiş Qarabağ qaziləri Məhəmməd Şirinov və Bəxtiyar Məmmədovun evində olaraq onların səhhəti ilə yaxından maraqlanıb. İlham Məmmədov qəhrəman qazilərimizin göstərdikləri igidliklərdən dolayı bütün xalqımızın onlara minnətdar olduğunu bildirərək vurğulayıb ki, məhz bu gün əzəli torpaqlarımız Qarabağın yağı düşməndən azad olunması qəhrəman şəhid və qazilərimizin canları, qanları bahasına əldə edilib.
Millət vəkili qəhrəman qazilərimizə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edərək onlara can sağlığı arzulayıb. Qazilərimiz də öz növbəsində ölkə Prezidenti cənab Ali Baş Komandanın qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıdan dolayı minnətdar olduqlarını bildiriblər.
Millət vəkili qazilərimizin müalicəsi, onların özlərinin və ailələrinin problemləri ilə yaxından maraqlanıb, onun həlli istiqamətində müvafiq qurumlara məlumat verilərək problemin qısa zamanda həllini tapacağına söz verib. İlham Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin hər zaman olduğu kimi bundan sonra da möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin birinci xanımı, I Vitse Prezident Mehriban xanım Əliyevanın humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olaraq, Qarabağ qazilərinin müalicəsi, onların müasir protezlərlə təmin edilməsi bunun əyani sübutudur.
Qeyd edək ki, millət vəkili rayon üzrə Vətən müharibəsində iştirak edərək şəhid olan digər qəhrəmanlarımız, həmçinin qazilərimizin də evində olub, onların problemləri, qayğıları ilə maraqlanıb və onlara dəstək olub.
Anar