Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının prioriteti vəhdət, birlik təşkil etmək olacaq



Newscenter.az.30.12.2020. 2020-ci ildə Azərbaycan üçün ən yadda qalan hadisələrdən biri də xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni çox böyük coşqu ilə yaşamağımızdır.

Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək qısa müddətdə düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Ali Baş Komandan, Prezident İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində əldə edilmişdir.
Vətən Müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri fədakarlıqlar da böyük qələbəmizə layiqli töhfə olmuşdur.

Bu gün qalib xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edir. Məhz Ulu Öndər 1991-ci ilin 16 dekabr tarixində dünya azərbaycanlılarının birliyini yaratmağın vacibliyini nəzərə alaraq dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi.

Həmrəylik Günü Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri özündə ehtiva edir.

Ümummilli Lider erməni təcavüzünün, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xaricdə yaşayan hər bir azərbaycanlının əsas vəzifəsi olduğunu bildirərək ilk dəfə 2001-ci ilin noyabr ayında ölkəmizin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti olan dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsinə nail oldu.

Sonrakı illərdə Ulu Öndərin bu siyasi kursu Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl olaraq uğurla davam etdirildi. Cənab Prezidentin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” sözləri həmrəyliyimizi daha da möhkəmləndirdi.

Məhz Vətən Müharibəsindəki möhtəşəm qələbəmiz nəticəsində xalqımızın, eyni zamanda xaricdə yaşayan həmvətənlilərimizin birlik və həmrəyliyi daha da möhkəmləndirilmiş, onların daha mütəşəkkil formada təşkilatlanması təmin edilmişdir.

Bu qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamaqla respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər.

Onu da qeyd edim ki, işğal altında olan torpaqlarımızın 30 il müddətində vəhşicəsinə dağıdılması, bütün infrastrukturun məhv edilməsinə baxmayaraq, Cənab Prezidentin vurğuladığı kimi, “Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Bu baxımdan qarşıdan gələn 2021-ci ilin ölkəmizdə “Quruculuq ili” elan olunması təsadüfi deyil və əminəm ki, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının prioriteti vəhdət, birlik təşkil edərək əsaslı təmizləmə, bərpa və əhalinin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi istiqamətində davamlı işlərin həyata keçirilməsi olacaqdır.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş