Newscenter.az.10.02.2021. Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar V-XI sinif şagirdləri üçün internetdən təhlükəsiz istifadə üzrə vebinar təşkil edilib. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin təşkilatçılığı ilə “Virtual məktəb” platforması üzərindən həyata keçirilib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, vebinarda respublika üzrə müxtəlif şəhər və rayon orta təhsil müəssisələrindən 1200-dən çox şagird və müəllim iştirak edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva sosial şəbəkələrdən istifadə zamanı uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər, onların aldadılaraq ailələrinə məxsus bank hesab məlumatlarının oğurlanması, bu tip təhdidlərdən və dələduzluqdan müdafiə üsulları, müəllim və şagirdləri hədəf alan fişinq kampaniyaları və s. barədə xüsusi təqdimatlarla vebinar iştirakçılarına məlumat verib.
Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsinin əməkdaşı Səbinə Hacıyeva Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə təqdim edilən təhlükəsiz internet imkanları, onlayn təhsilin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən "Virtual məktəb" platforması və Təhsil Nazirliyinin faydalı internet resurs portalları barədə çıxış edib.
Vebinarda, həmçinin “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov, “Microsoft Azerbaijan”ın baş meneceri Qaçay Mirzəyev, “Azercell” şirkətinin əməkdaşı Samir Rəsulov və “İKT LAB” İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin əməkdaşı Ayaz Kərimov təqdimatla çıxış edib.
Tədbirdə internetdə fərdi məlumatların mühafizəsi, sosial şəbəkə və e-poçt hesablarına düzgün şifrə seçmənin qaydaları, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən aldadılaraq təsir altına salınması və şantaj olunması, “kiberbullinq nədir və onu necə dayandırmaq olar” və s. mövzular müzakirə olunub. Müvafiq videomateriallar nümayiş etdirilib.
Yekunda vebinar iştirakçılarını maraqlandıran müxtəlif suallar cavablandırılıb və tövsiyələr verilib.
Sevinc