Newscenter.az.10.02.2021. 10 fevral 2021–ci il Pandemiya dövründə bazar çağırışlarına uyğun olaraq zamanlı görülən tədbirlər sayəsində Carlsberg Azerbaijan-ın ötən il üzrə satış həcmləri 2019-cu il ilə müqayisədə 16% artmışdır.
Newscenter.az xəbər verir ki, ənənəvi ticarət kanallarında (kiçik mağazalar) satış həcminin artımı 20%, müasir ticarət kanallarında (şəbəkə mağazalarında) 58% təşkil etmişdir.
COVID-19 virusunun yayılmasının qarşısının alınmasına yönəlmiş kafe və restoranların fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdə şirkət diqqətini pivə bazarının nisbətən yeni kanalı olan DIOT kanalına (mağazalarda çəllək pivəsi) yönəltdi. Süzmə avadanlığının böyük şəbəkə mağazalarında maksimum yerləşdirilməsi bu kanalda satış həcmində əhəmiyyətli bir artım əldə etməyə imkan verdi. On-trade kanalında (kafe, restoranlar) satış həcmi qeyd olunan məhdudiyyətlər səbəbindən 43% azaldı.
Brendlər
Şirkətin, demək olar ki, bütün brendləri üzrə satış həcmlərinin artımı müşahidə olundu: Xırdalan (+7%), Carlsberg (+180%), Kuler (+27%), Əfsanə (+122%). Carlsberg pivəsinin satış həcmlərinin əhəmiyyətli dərəcədə artımı pərakəndə satış nöqtələrindəki kommunikasiya dəstəyi və promo-aktivliklərlə, Xırdalan pivəsinin satış həcmlərinin artımı Xirdalan Non-filtered (filtrasiya olunmamış) növünün banka qablaşdırmada istehsal olunması, Əfsanə pivəsinin isə satış göstəricilərinin artımı - dizaynın yenilənməsi və pivə xəttinin genişlənməsi ilə əlaqədardır. Ötən il ərzində mağazalara təqdim olunan yeniliklər artıq istehlakçılar tərəfindən sevilmişdir: zəngin dadı olan, yetişmiş albalının ətri və yüngül acılığı olan Baltika 9 Albalı və tərkibində təbii moruq şirəsi və vitaminlər olan alkoqolsuz pivə Baltika 0 Moruq. Baltika brendinin bütün xətti yenilənmiş dizaynda istehlakçılara təqdim edildi.
Son illər ərzində Carlsberg Azerbaijan qeyri-neft sektorunda Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olmuşdur. Beləliklə, 2020-ci ildə Dövlət büdcəsinə vergi ödəmələrinin məbləği 35,7 milyon AZN təşkil edib ki, bu da 2019-cu il üçün vergi ödəmələrindən 47% çoxdur.
Pivə arpasının lokallaşdırılması
26 noyabr 2020-ci il tarixində AzərŞəkər şirkəti ilə Azərbaycanda pivəlik arpa becərilməsi üzrə tərəfdaşlıq çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Xatırladaq ki, 2019-cu ildə pivəlik arpanın lokallaşdırılması məqsədi ilə Carlsberg Azerbaijan və AzərŞəkər Azərbaycanda pilot layihə başlatmışdırlar və layihənin uğurlu nəticəsi təşəbbüskarlara arpa lokallaşdırılmasının daha da miqyaslanmasını planlaşdırmağa imkan vermişdir. 2020-ci il Noyabr ayının ortalarında Şəmkir rayonunda 70 hektar ərazidə pivəlik arpa əkilmişdir ki, bu da Carlsberg Azerbaijan-ın 2021-ci ildə arpaya illik tələbatının 10% təmin edəcək və 2022-ci ilədək yerli arpa tədarükünü xeyli artıracaqdır.
Dayanıqlı inkişaf layihələri
Carlsberg Group-un “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində Carlsberg Azerbaijan son illər ərzində əhəmiyyətli irəliləyişə nail olmuşdur. 2015-ci ildən indiyə kimi şirkət istehsalatda suyun istifadəsini 32%, istilik enerjisinin istifadəsini 19,5% və elektrik enerjisinin istifadəsini 9% azaltmağa müvəffəq olmuşdur.
Cəmiyyətə dəstək
2020-ci ilin aprel və may aylarında şirkətimizin flaqman brendi Xırdalan Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək olaraq xeyriyyə tədbiri təşkil etmişdir. "Biz Birlikdə Güclüyük" şüarı altında keçirilən aksiyada Abşeron rayonunun tənha yaşlı sakinlərinə və aztəminatlı ailələrinə 1000 qida səbəti paylanılması nəzərdə tutulmuşdur. Pandemiya zamanı Carlsberg Azerbaijan xəstəxanalara və karantin zonalarına 300 mindən çox birdəfəlik qablar göndərmişdir. Cəmiyyətə dəstək tədbirləri Abşeron rayon İcra Hakimiyyəti və TƏBİB tərəfindən yüksək qiymətləndirilmişdir.
Carlsberg Group-un Şərqi Avropa regionunda nəticələri
Carlsberg Azerbaijan-ın daxil olduğu Şərqi Avropa bölgəsinin bütün bazarları (Ukrayna istisna olmaqla) il ərzində artım göstərmişdir. Şərqi Avropada pivə satışının həcminin orqanik artımı 5,3%, alkoqolsuz içkilərin həcminin artımı 22,6% (əsasən enerji içkiləri sayəsində) təşkil etmişdir və ümumi satışlar orqanik olaraq 6,2% artmışdır. Orqanik gəlir artımı 1% təşkil etmişdir. Bir hektolitrə düşən gəlirin 5% azalması, Rusiya bazarındakı mövqelərin gücləndirməyə yönəlmiş yüksək səviyyəli promo-aktivliklərlə əlaqəlidir. Əməliyyat gəlirinin orqanik artımı, Rusiya istisna olmaqla, bütün bazarlarda güclü göstəricilərin təsiri ilə bölgədə 10,9% təşkil etmişdir. Əməliyyat marjası 220 baza maddəsi artaraq 19,2% -ə çatmışdır.
* * *
Carlsberg Azerbaijan pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər əməkdaş və 400 nəfər vasitəçi (distribyutor, agentlik, podratçı) çalışır. Zavodun inkişafına şirkətin ümumi sərmayəsi təxminən 55 milyon AZN-dir. Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley's Garage kimi məşhur markalar daxildir.
Carlsberg Group 1847-ci ildə yaradışmış və hal-hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç böyük bölgəsində - Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa və Asiyada onlarla ölkədə zavodlara malikdir. Şirkətin portfelində 140-dan çox pivə brendi vardır. Carlsberg Group işçilərinin ümumi sayı 40.000 nəfərdən çoxdur.