Newscenter.az.13.02.2021. Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Newscenter.az-a DGK-dan bildirilib ki, seminarın açılışında çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə Dövlət Gömrük Komitəsi arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində kifayət qədər məhsuldar görüşlərin keçirildiyini, səmərəli müzakirələr aparıldığını bildirib. ASK-nın vitse-prezidenti pandemiya dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. İslahatların uğurla reallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən ticarətin asanlaşdırılması, gömrük-biznes münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atıldığını qeyd edən baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları "Yaşıl dəhliz" buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış ediblər.
Onlayn seminarda sahibkarlıq subyektlərinin 60-dan çox nümayəndəsi iştirak edib.
Sevinc