Newscenter.az.15.02.2021. Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.
İdarə rəhbərliyi, əməkdaşları və media nümayəndələri Bakı şəhər 46 saylı tam orta məktəbində olub, əyani tədris prosesinin təşkili vəziyyəti ilə tanış olub.
Şagirdlər məktəbə temperaturu ölçüldükdən və əlləri dezinfeksiya edildikdən sonra sinif otaqlarına yola salınır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, paytaxtda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur: "Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018, V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub. Bakıda yaşı 65-dən yuxarı olan 675 müəllim var və onlar tədrisə cəlb olunmayıb. Onları digər müəllimlər əvəz edir. İşə çıxmayan müəllimlər tarif cədvəlinə uyğun olaraq öz maaşlarını alırlar".
O deyib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır".
Məktəbin direktoru Sevinc Budaqova bildirib ki, məktəbdə ümumilikdə 1 243 şagird təhsil alır: "Onlardan 497-si ibtidai siniflər, 519 nəfər isə V-IX siniflərdə oxuyur. Şagirdlər həftədə iki dəfə olmaqla iki yarımqrupa bölünüb. Bu gün 139 nəfər V-IX sinif şagirdinə dərs keçiləcək. Məktəbdə 103 müəllim fəaliyyət göstərir, I-IX siniflər üzrə ümumilikdə 50-ə yaxın müəllim əyani tədrisə cəlb edilib. 2 müəllim isə 65 yaşdan yuxarı olduğu üçün tədrisə cəlb edilməyib".