Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük tarixi Zəfərdə baş qəhrəmanlardan biri də Azərbaycan qadını oldu

44 günlük tarixi Zəfərdə baş qəhrəmanlardan biri də Azərbaycan qadını oldu


Newscenter.az.16.02.2021. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva yap.org.az-a müsahibə verib. Newscenter.az həmin müsahibəni təqdim edir:

-Jalə xanım, bu günlərdə ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında tədbir keçirilib. Tədbirin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

-Hesab edirəm ki, bu tədbirin böyük əhəmiyyəti var. Qeyd edim ki, adıçəkilən tədbir BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq təşkil edilmişdi.

"Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır…” Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Birinci xanım bu fikirləri məhz ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil olunmuş videokonfrans formatında tədbirdə çıxışı zamanı dilə gətirdi.

İstər BMT-nin, istərsə də Azərbaycan ilə uzun illərdir çox məhsuldar və konstruktiv əməkdaşlıq edən ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi çox tarixi və əlamətdar bir hadisədir. Çünki bu gün həyatın bütün ağırlıqları, yükü demək olar ki, qadınların çiyinləri üzərindədir.

Bu gün hər cür fiziki və mənəzi təzyiqlərə, zorakılıqlara məruz qalanlar da məhz zərif cinsin nümayəndələri olan qadınlardır. Bu gün dünyanın elə bir nöqtəsi, elə bir çoğrafiyası yoxdur ki, orada qanlı qarşıdurmalar, qırğınlar, vətəndaş müharibələri, terror aktları, aclıq, səfalət, insanlıq dramları yaşanmasın.

Bu qanlı qarşıdurmaların, bu insanlıq dramlarının baş qurbanları da yenə qadınlardır. Odur ki, ilin istənilən gününü, təqvimin istənilən ilini qadınlara ayırsalar, həsr etsələr belə, yenə də azdır. Qadınlar, zərif cinsin nümayəndələri hər zaman, xüsusi diqqətə, həssas münasibətə, qayğıya layiqdirlər, belə demək mümkünsə, möhtacdırlar. Bu istiqamətdə atılan istənilən müsbət addım da yalnız və yalnız alqışa, təqdirə layiqdir.

-Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan qadınları da fədakarlıq göstərdilər...

-Çox sevindirici və qürurverici haldır ki, tarixən bir çox zülmlərə, insanlıq dramlarına məruz qalan, elə təkcə 1988-ci ilidən 2020-ci ilin sonlarına qədər 32 illik qanlı münaqişənin odundan-alovundan keçən Azərbaycan qadını hər məqamda öz mərdanələyi, öz qəhrəmanlığı ilə seçilmiş, fərqlənmişdir, kişilərlə çiyin-çiyinə, kürək-kürəyə, omuz-omuza olmuş, çalışmışdır.

Bəli, 32 illik münaqişəyə son qoyan tarixi 44 günlük İkinci Vətən Müharibəsində də Azərbaycan qadını, Azərbaycan anası, Azərbaycan qızları bir andaca müsəlləh əsgərə çevrildilər, müharibənin Qalibiyyətlə başa çatması üçün əllərindən gələni əsirgəmədilər.

İkinci Vətən Müharibəsinin Dastan yazan Qəhrəmanları arasında Azərbaycan qadınları, Azərbaycan xanımları da oldu… Qanlı Naftalan-Qaşaltı, Gəncə, Bərdə terraktlarının əsas qurbanlarından biri yenə Azərbaycan qadını oldu. Amma bu terror eyləmləri, insanlıq əleyhinə olan barbarlıq, vandallıq aktları, ümumən 32 illik münaqişə Azərbaycan qadınının, Azərbaycan xanımının əzmini, iradəsini qıra, sındıra bilməmiş, əksinə, onu düşmənə qarşı daha əzmkar, daha şücaətkar, daha barışmaz etmişdir. Bəli, 44 günlük tarixi Zəfərdə və Qələbədə baş qəhrəmanlardan biri də məhz Azərbaycan qadını oldu. Qürur və İftixar nümunəsi!

-Ümumiyyətlə, Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, istər ilk, cəmi 23 aylıq Cümhuriyyət dönəmində, istərsə də artıq 30 illiyini qeyd etməyə hazırlaşdığımız ikinci müstəqillik, ikinci Cümhuriyyət dönəmində qadın siyasəti Azərbaycan dövlətinin baş, əsas prioritetlərindən biri və birincilərindən olmuşdur.

Əziz Mehriban xanımın da vurğuladığı kimi, istər müsəlman-Şərq aləmində, istərsə də dünyada, bir çox gəlişmiş, oturuşmuş dövlətlərdən öncə, qadına seçib və seçilmək hüququ verən Cümhuriyyət məhz Azərbaycan dövləti olmuşdur.

Bu, Azərbaycan qadınına, bütövlükdə qadına verilən dəyərin, ehtiramın başlıca nümunələrindəndir. Bu, bizim iftixar tariximizdir.

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

Həmçinin, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir.

Lakin bu gün ən vacib məsələ qızların və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil olunmuş tədbirdəki geniş və məzmunlu çıxışında bu məqamlara toxunan Mehriban xanım “Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir”-deyərək, bildirmişdir ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir.

Birinci vitse-prezident sonra “ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarında lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”-deyə, qeyd edərək Azərbaycanın bu mənada öz töhfəsini verməyə hazır olduğunu bəyan etmişdir.

Çıxışı zamanı Birinci vitse-prezident həmçinin bildirmişdir ki, hazırda Azərbaycan dövləti qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır.

Bəli, deyildiyi kimi, biz bunun da öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri də bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik.

Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk.

Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk.

Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər.

Bəli, belə də olacaq, Azərbaycan dövləti, Azərbaycan qadını bu məsələdə də öz sözünü deyəcək, öz töhfəsini verəcək, öz Azərbaycan modelini yaradacaqdır.

Bizim hədəflərimiz böyükdür və bu hədəflərə mütləq şəkildə çatacağıq, necə ki, zaman-zaman çatmışıq, çatırıq, 44 günlük tarixi Zəfər də bunun şanlı bir nümunəsidir.
Xəbəri paylaş