Newscenter.az.16.02.2021. “Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri və bu səfərlər çərçivəsində dövlət başçımız tərəfindən bir sıra strateji obyekt və müəssisələrin açılışının edilməsi nəinki dövlətimiz üçün , eləcə də region üçün müsbət dəyişikliklərin başlanğıcından xəbər verən mühüm hadisəyə çevrildi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev səsləndirib. Millət vəkili bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması artıq Azərbaycanı regionun ən favorit və cəlbedici ölkəsinə çevirib:
“Bu yaxınlarda 7 ölkəni birləşdirən və uzunluğu 3 500 km olan Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması ilə əlaqədar videokonfrans formatında keçirilən iclas bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan nəhəng layihələrə imza atmaqdadır. İşğaldan azad edilmiş rayonlara səfər zamanı cənab Prezident tərəfindən Füzuli rayonunda uzunluğu 100 km-ə çatan Horadiz- Ağbənd dəmiryolu xəttinin təməlinin qoyulması daha bir regional nəqliyyat layihəsinin işə düşəcəyindən xəbər verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyatının yaranmasına böyük töhfə verən bu dəmiryol xəttinin işə düşməsi Azərbaycanla Türkiyə və eləcə də digər qonşu dövlətlərlə kommunikasiya əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək və həmçinin ciddi beynəlxalq lojistika layihələrinin icra olunmasına şərait yaradacaq”.
Deputatın sözlərinə görə, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlnın qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir. İşğaldan azad edilmiş bütün rayonlarımızın baş planları hazırlanıb başa çatdıqdan sonra bərpa-quruculuq işlərinə start veriləcək:
“Ölkə ictimaiyyətinə ilk dəfə "ağıllı kənd" layihəsi barədə müjdə verən dövlətimizin başçısı bildirib ki, birinci "ağıllı kənd" layihəsi Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdırılacaq və kənddə layihənin icrası yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri- yəni 5 komponent üzrə aparılacaq. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq”.
Ağalar Vəliyev qeyd edib ki, azad edilmiş Azərbaycan ərazilərinin Prezidentimizin birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması indiki pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə dövlətimizin gücünü və qüdrətini nümayiş etdirən möhtəşəm bir hadisədir:
“Bu hadisələrdən biri də Laçın rayonunun Güləbird kəndində 8 meqavat generasiya gücü olan Su Elektrik Stansiyasının açılışı oldu. İşğalçı ölkə tərəfindən dağıdılmış Güləbird stansiyasının cəmi ay yarım ərzində bərpa edilərək istifadəyə verilməsi və digər alternativ enerji layihələrinin işə düşməsi dövlət başçımızın Böyük Qayıdışı təmin etməklə yanaşı Qarabağ bölgəsində həyatın canlanmasında yüksək əzm nümayiş etdirməsinin bariz nümunəsidir”.
Milli Məclisin üzvü vurğulayıb ki, azad edilmiş rayonlarda qısa müddət ərzində 7 min hektar torpaq sahəsində əkin işlərinin aparılması ölkəmizin ərzaq təhlükəsizliyi, eləcə də kənd təsərrüfatının inkişafı baxımından olduqca əhəmiyyətlidir və Prezidentin də bildirdiyi kimi, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar:
“Bu gün bütün dünya mətbuatı Prezident İlham Əliyevin Qarabağ bölgəsinə mütəmadi səfərlərindən yazır, dövlət başçımızın fikirləri beynəlxalq mətbu orqanlarının səhifələrində işıqlandırılır. Bu onu göstərir ki, tarixi ədaləti bərpa etmiş ölkəmizin düşməndən azad edilən torpaqlarda həyata keçirəcəyi bərpa və yenidənqurma işləri bütün dünyanın ciddi marağına səbəb olub. Bu həm də onu göstərir ki, Azərbaycan doğru yoldadır və Qarabağın yüksək inkişaf etmiş bölgəyə çevriləcəyi gün uzaqda deyil”.