Newscenter.az.17.02.2021. Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı işdən çıxarılıb.
“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyində (DİN) sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.
Məlum olub ki, bərbərxanada qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğludur. O, tutduğu vəzifədən azad edilib.
DİN-in Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılıb.
Belə ki, bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Bundan sonra polis əməkdaşı həmin polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.