Newscenter.az.17.02.2021. İndoneziyanın Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal Xocalı soyqrımının 29-cu ildönümü ilə əlaqədar sözügedən qrupun adından bəyanat yayıb.
Bu barədə “Report”a Azərbaycanın İndoneziyadakı səfirliyindən məlumat verilib.
Bəyanatda 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi qətliama məruz qaldığı, qətliam nəticəsində 106-ı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.
Qrup Xocalı qətliamının insanlıq tarixində böyük bir ləkə olduğunu, Xocalı qətliamının təşkil edilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmalı olduğunu vurğulayıb. Habelə, Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi olan, 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı qətliamının qurbanlarının xatirəsinin qrup tərəfindən dərin kədər və təəssüf hissi ilə yad edildiyi, sözügedən qətliam nəticəsində həlak olanlara Allahdan rəhmət dilədikləri, onların ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verildiyi qeyd olunub.
Qrup bir daha dünyanın heç bir yerində bu cür bəşəriyyət əleyhinə cinayətin törədilməməsi üçün Xocalıda həlak olan insanların yad edilməsini və Xocalıda törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab edib. Qrup, həmçinin, hesab edir ki, Xocalı qurbanları hər kəsə sülhün dəyərini xatırladır.
Bəyanatda o cümlədən Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət olaraq qiymətləndirilib, Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirərək, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtmasına çağırış edilib.