Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münhendə siyasi və diplomatik kapitulyasiyadan Qarabağda tam kapitulyasiyaya



Newscenter.az.17.02.2021. 14-16 fevral 2020-ci il! Hələ dünyanın böyük hissəsi ümumbəşəri bəla olacaq pandemiyadan xəbərsizdir. Almaniyanın Münhen şəhərində 56-cı Təhlükəsizlik Konfransı keçirilir və orada 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak edir. Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyev də iştirak edir.

Dünya təkcə pandemiyadan deyil, həm də bir neçə ay sonra Ermənistanı darmadağın edəcək və onu kapitulyasiya aktına imza atmağa məcbur qoyacaq 44 günlük ikinci Qarabağ müharibəsindən də məlumatsızdır. Ancaq hələ baş verəcək başqa hadisələr də var, həm də həmin konfransda. Gələcəkdə Ermənistanın döyüş meydanında tam məğlubiyyətinin əsasını qoyacaq bir debat baş tutacaqdı. Həm də, dünyanın diqqət mərkəzində olan Münhen şəhərində.

Aralarında siyasi, diplomatik, natiqlik və həm də bir dövlət başçısına xas bütün digər keyfiyyətlərlə bağlı əndazəsiz fərq olan iki dövlət rəhbərinin qarşılıqlı debatı. Ən az, cəmi 7 ay sonra başlayacaq müharibədə qarşı-qarşıya gələn müzəffər Azərbaycan ordusu ilə, bütün dünyanın pulsuz silah verməsinə və otuz ilə yaxın qurulmuş müdafiə xətlərinin də darmadağından xilas edə bilməyəcəyi Ermənistan ordusu arasındakı fərq qədər.

Bəli, məlum olduğu kimi bir tərəfdə peşəkar diplomat, uzaqgörən dövlət xadimi və beynəlxalq münasibətlər sahəsində güclü şəxsiyyət olan Prezident İlham Əliyev. Digər tərəfdə isə, rüqzaqı (bel çantası) ilə haylı-küylü küçə yürüşlərindən bir başa Ermənistanın baş naziri kürsüsünə gəlmiş və bakalavr təhsili belə olmayan Nikol Paşinyan. Küçə yürüşündəki mahiyyəti və nəzmunu olduğu kimi qalıb. Dəyişən sadəcə geyimi və çantasıdır.

Paşinyan həyatında ilk dəfə canlı olaraq pulsuz siyasət, diplomatiya və tarix dərsi alacaqdı. Ancaq bütün dünyanın gözü önündə, iki dövlət rəhbəri arasında və xüsusilə də işğala məruz qalan dövlətin rəhbəri tərəfindən, işğalçı dövlətin rəhbərinə verilən dərs olduğu üçün bəlkə də tarixdə bir ilk biabırçı dərs oldu. Ancaq lazımi dərsini ala bikmədi Paşinyan! Ona görə də o dərsin əsl adı, zənnimcə siyasi və diplomatik kapitulyasiya oldu! Və bu son deyildi, məntiqi davamı növbəti müstəvidə davam edəcəkdi. O müstəvinin də adı Qarabağ idi.
Bəli, təxminən 7 ay sonra həmin prosesin davamı Qarabağda və işğal olunmuş digər torpaqlarımızda davam edəcəkdi. Ən az, 44 gün ərzində Ermənistanı və onun ordusunu darmadağın edəcək, tam yeni müharibə metodları ortaya qoyaraq dünyanın diqqətini pandemiyadan ayırıb regiona cəlb edəcək səviyyədə bir müharibə.

Düşmənə xislətinə və təfəkkürünə uyğun, ancaq bu dəfə döyüş meydanında dərs verən onu növbəti kapitulyasiyaya məcbur edən müzəffər Azərbaycan ordusunun qalib Ali Baş Komandanı! Münhendəki siyasi və diplomatik kapitulyasiyadan düz bir il sonra Azərbaycanın Ermənistanla sərhddi və ən qərb rayonu olan Laçında başının üzərində Azərbaycanın üçrəngli məğrur bayrağı ilə müraciət edir!
Əminəm ki, həmin müraciəti ən yaxşı eşidən məğlub Ermənistanın cəmiyyəti və onun gəlmiş-keçmiş cinayətkar rəhbərləri oldu. Çünki, o möhtəşəm qələbəmizlə darmadağın olan Ermənistan bütünlüklə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ayaq səslərini hər an eşidəcək qədər qulaqlarını şəkləmiş və dəmir yumruğunu görəcək qədər gözlərini bərəltmiş şəkildədir. Ancaq hesab edirəm ki, hələ də gec deyil. Çünki, dərsin davamı məhkəmə müstəvisində gözlənilir. İşğalçıya qarşı çoxmilyardlı təzminatla bağlı iddiaların irəli sürülməsinə az qalıb.

Azərbaycan regionda aktivləşəcək iqtisadi proseslərin qan damarlarını təşkil edən çoxşaxəli nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə start verib. Bu prosesə müsbət reaksiya verməklə yaxın zamanda başlanacaq iqtisadi canlanmada iştirak etmək hüququ əldə edəcək Ermənistan bizə təzminatı ödəmək imkanı əldə etməklə yanaşı, insanlarını da acınaqcaqlı durumdan çıxara bilər! Hər bir halda seçim qarşı tərəfindir! Ya revanşist quvvələrin müharibə cəhdlərinə uyub tam məhv olmaq, ya da Azərbaycanın regionda liderliyi ilə bağlı reallığı qəbul edib, çoxtərəfli əməkdaşlıqda iştirak etməklə müflis və dilənçi vəziyyətdən qurtulmaq!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş