Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin işğaldan azad edilmiş ərazilərə tarixi səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyır



Newscenter.az.17.02.2021. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri bir daha göstərdi ki, dövlətimizin başçısı bütün təhlükələrə rəğmən bir-birinin ardınca işğaldan azad edilmiş torpaqlarımızda olur, orada görüləcək işlərin planını təqdim edir, tez bir zamanda bu ərazilərimizdə yeni həyatın başlanmasına, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasına çalışır. Bu səfər çərçivəsində bir sıra strateji obyekt və müəssisələrin açılışının edilməsi isə istər ölkəmiz, istərsə də region üçün yeni dəyişikliklərin olacağından xəbər verir.

Bu tarixi səfər bir çox aspektlərdən xüsusi önəm daşıyır. Səfər tarixi əhəmiyyəti olmağı ilə dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajlar da verdi - Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq.

İlham Əliyev bu səfərində də erməni faşistləri tərəfindən dağıdılıb viranə qalmış yurdlarımızı ürəkağrısı ilə seyr etdi, amma qətiyyətlə bildirdi ki, tezliklə bütün bu yerlər abadlaşdırılacaq, Qarabağa yeni həyat bəxş ediləcək və məcburi köçkünlərin hər biri öz doğma yurduna dönəcək. Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının təməllərinin qoyulmasından sonra Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin də təməlini qoydu. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyatının yaranmasına böyük töhfə verən bu dəmiryol xəttinin işə düşməsi Azərbaycanla Türkiyə və eləcə də digər qonşu dövlətlərlə kommunikasiya əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək və həmçinin ciddi beynəlxalq lojistika layihələrinin icra olunmasına şərait yaradacaq. Eyni zamanda, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyasının açılışının baş tutması böyük rəmzi məna kəsb edir. Dövlət rəhbərinin tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisə kimi qeyd olunmalıdır. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk layihədir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Dövlət başçısı Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə də məlumat verdi. Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdırılacaq və kənddə layihənin icrası yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri- yəni 5 komponent üzrə aparılacaq. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Böyük Qayıdışın ilk addımları kimi qiymətləndirilir. Bu vaxta qədər işğaldan azad olunmuş torpaqlarımızda, sadəcə, Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa, ölkə başçısının budəfəki səfərində reallaşdırılan ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsinin şahidi olduq. İşğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlanıldığından xəbər verir.

Prezidentin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş rayonlara artıq ənənə halını almış səfərləri qələbənin rəsmiləşdirilməsi deməkdir. “Qarabağ Azərbaycandır və nida”, - deyən Prezident İlham Əliyev Qarabağa səfərləri ilə həmin nidanı qoymuş oldu. İlham Əliyev dediyini etdi, Qarabağı Azərbaycana qaytardı. Qarşıdan isə növbəti vədlərin yerinə yetirilmə zamanı gəlir. Torpaqlarımız bərpa ediləndən sonra məcburi köçkünlərin öz doğma yurdlarına möhtəşəm qayıdışı baş verəcək. Prezident Qarabağa növbəti səfərləri zamanı bu torpaqlarda yeni şəhər və qəsəbələrin, infrastrukturların, sosial obyektlərin və müxtəlif müəssisələrin açılışlarını da edəcəkdir.

Anar Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş