Newscenter.az.17.02.2021. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov və Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədr müavini Lyudmila Marçenko Ukrayna Ali Məclisinin sədri Dmitri Razumkov və xarici işlər naziri Dmitri Kulebaya Xocalı soyqırımının tanınması barədə müraciət ünvanlayıblar.
Newscenter.az xəbər verir ki, müraciətdə deyilir: “...Faciəvi məqamlardan biri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verdi. Erməni silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərinə hucüm etdilər və hücum nəticəsində 613 dinc sakin, o cümlədən, 63 uşaq, 106 qadın qətlə yetirildi, 487 nəfər şikəst edildi, 150 nəfər itkin düşdü. Əsasən yaşlı insanlar, uşaq və qadınlardan ibarət 1275 nəfər əsir götürüldü, onlara qarşı dəhşətli zorakılıq edildi və işgəncə verildi. 7 mindən çox əhalisi olan şəhər isə darmadağın edildi”.
Müraciət müəllifləri xüsusilə qeyd edirlər ki, Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və miqyası birmənalı olaraq soyqırımların tanınmasının hüquqi əsasları göstərilən BMT Baş Assambleyasının 260 saylı Qətnaməsi ilə qəbul edilən “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın təsiri altına düşür. Azərbaycan Respublikasının parlamenti BMT, ATƏT, Avropa Şurası, AŞPA və başqa beynəlxalq təşkilatlara erməni şovinistləri və separatçıları tərəfindən törədilən faciənin azərbaycanlıların soyqırımı kimi tanınması barədə müraciət edib.
Müraciətdə o da deyilir ki, bir çox ölkələrin parlamentləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət olması barədə bəyannamə qəbul ediblər.
Bütün bunları nəzərə alaraq, müraciət müəllifləri 26 fevral 1992-ci il Xocalıda baş verən hadisələrin qınanması və bu hadisənin azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım kimi tanınması məsələsinin Ukraynanın Ali Radasının plenar iclasında səsverməyə çıxarılmasını xahiş ediblər.