Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın infrastruktur layihələri regional sülhün və sabitliyin inkişafında böyük rol oynayacaq

Azərbaycanın infrastruktur layihələri regional sülhün və sabitliyin inkişafında böyük rol oynayacaq


Newscenter.az.18.02.2021. ““Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi olmaqla tarixi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilməlidir”. Newscenter.az xəbər verir ki, bu sözləri yap.gov.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə səfərlərinin davamı bu ərazilərdə başlanmış bərpa-quruculuq işlərinin bilavasitə dövlət başçısının diqqət mərkəzində saxlandığını nümayiş etdirir: “Artıq qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Lakin bütün bunların reallaşması üçün ilk növbədə həmin ərazilərin yenidən qurulması və məskunlaşdırılması zəruri şərtdir. Məlumdur ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri yüksək intensivliklə həyata keçirilir. Bu işlərin fonunda Prezident İlham Əliyevin həmin ərazilərə etdiyi səfərləri dövlət başçısının bu işləri şəxsən diqqət mərkəzində saxlamasından xəbər verir. Məhz bu baxımdan “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi olmaqla tarixi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilməlidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Buna paralel olaraq isə, işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək “ağıllı kənd” layihələri artıq bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Başqa sözlə desək, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq.”

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycanın təklif etdiyi və bütün regionu əhatə edəcəyi nəzərdə tutulan nəqliyyat layihələri regional sülhün və inkişafın təmin olunmasında böyük rol oynayacaq: “Artıq xəbər verildiyi kimi, fevral ayının 14-də Füzuli rayonunda səfərdə olarkən ölkə Prezidenti İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsində, həm də yüklərin daşınmasında müstəsna rol oynayacaq.

Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihənin icrası ilə uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, Azərbaycanın həm strateji, həm iqtisadi, həm də siyasi məqsədləri həyata keçiriləcək.”

K.Qafarov qeyd edib ki, bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Möhtərəm Prezidentimizin dediyi kimi, bölgənin digər ölkələri də bu layihəyə öz müsbət qiymətini vermişlər. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Bu yol həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə, İran ilə Ermənistan arasında, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, regionun uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr bu layihələrdən faydalana biləcəklər.
Xəbəri paylaş