Newscenter.az.18.02.2021. “Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfəri tarixi əhəmiyyət kəsb edir. Azad olunmuş ərazilərimizə hər bir səfər xalqımıza yeni müjdələr verir”. Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, artıq Qarabağda həyat canlanmağa başlayıb: "Dövlətimizin başçısı hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər zamanı da biz bu sevinci və qüruru yaşadıq. İlk olaraq Füzuli rayonunda dövlət başçısı tərəfindən Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli atıldı. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Şübhə yoxdur ki, gələcəkdə bu dəmir yolu xətti Türkiyəyə qədər uzanacaq və iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Eləcə də, regionun digər dövlətləri də nəqliyyat və kommunikasiyaların bərpasında faydalanacaq və təbii ki, bu layihələrin mərkəzində Azərbaycan dayanacaq".
Millət vəkilinin sözlərinə görə, Qarabağa böyük qayıdışımızın növbəti müjdəsi isə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi olub: "Məlumdur ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir".
Deputat qeyd edib ki, ən yaddaqalan məqamlardan biri də Prezidentin Laçın rayonuna səfər etməsi oldu: "Azərbaycanın ən gözəl guşələrindən biri olan Laçın rayonunda da ermənilər vandalizm aktı törədiblər. Amma dövlətimiz tərəfindən böyük quruculuq işləri həyata keçiriləcək, bu ərazilərdə həyat yenidən canlanacaq. Cənab Prezident Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi. “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq”.
“Dövlətimizin başçısı səfər zamanı Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olub. Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Bu qoruq da dövlətimizin gücü ilə bərpa ediləcək. Eləcə də, səfər çərçivəsində kənd təsərrüfatı işlərinə baxış keçirilib. Artıq azad olunmuş ərazilərimizin bir hissəsində əkin işləri aparılıb. Bərəkətli Qarabağ torpağı respublikamızın ərazq təhlükəsizliyinin təmin olunmasına çox böyük töhfələr verəcək” deyən Fatma Yıldırım söyləyib ki, cənab Prezidentin azad olunmuş ərazilərə səfəri və səfər zamanı səsləndirdiyi fikirlər ermənilər və onun havadarları üçün də ciddi mesajdır: “Bu o deməkdir ki, biz artıq doğma Qarabağımıza qayıdırıq və bizi heç bir qüvvə bu yoldan döndərə bilməz”.