Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Nizami Gəncəvi İli”nə həsr olunan dərslər keçirilir



Newscenter.az.18.02.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Nizami Gəncəvi İli”nə həsr olunan dərslər keçirilir.

Newscenter.az-a daxil olan xəbərə görə, dərslərin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.

Dərslərdə müəllimlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu bildirir, qüdrətli söz sahibinin yaradıcılığına bütün dünyada böyük maraq olduğunu vurğulayırlar. Bu baxımdan qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyi şagirdlərin diqqətinə çatdırılır.

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğu söylənilir, bu nəhəng sənətkarın parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığı haqda şagirdlərə geniş məlumat verilir.

Dərslərdə şagirdlərin ifasında Nizami Gəncəvi yaradıcılığından seçmələr səhnələşdirilərək təqdim olunur. Həmçinin dahi sənətkarın şeirləri səsləndirilir, həyat yolu barədə məlumat verilir, videoçarxlar nümayiş olunur.

R.Mehdiyeva
Xəbəri paylaş