Newscenter.az.18.02.2021. Son günlərdə hicabla əlaqəli məlum hadisə gündəmi məşğul etmişdir. Mən məlum direktorun hərəkətini müzakirəyə çıxarmayacağam; onun etdiyi absurd olub ölkədə konstitusiya ilə tənzimlənən din və etiqad azadlığı ilə üst-üstə düşməyən hərəkətdir. Üstəlik, respublikada hicab problemi, ümumi götürdükdə, mövcud deyildir. Gül balalarımız hicablı-hicabsız sinif otaqlarına daxil olur, təhsillərini alırlar. Sözügedən hərəkət xırda məmur özbaşınalığıdır; sadəcə olaraq, həmin direktora ölkənin konstitusiyasının din və etiqad azadlığı ilə əlaqəli maddələrini, ölkə əhalisinin 98 faizinin müsəlman olduğunu, islamın bu ölkənin milli-dini kimliyinin əsas təyinedici elementi kimi özünü doğrultduğunu, ən nəhayət, dini dəyərlərə düşmən kəsilən Sovet İttifaqı və kommunist-marksist ideologiyasının süqutundan artıq 30 ilin keçdiyini və dini inancın, etiqad azadlığının təmin olunduğu respublikada yaşadığını xatırlatmaq kifayətdir...
Həmçinin mən hicabın təhsilə mane olub-olmadığı məsələsinə də münasibət bildirməyəcəyəm. Vicdanı – bəli, vicdanı ayıq insanlar yaxşı bilirlər ki, orta və ali məktəblərdə yaxşı oxuyub-oxumamağın hicaba aidiyyəti yoxdur; ümumiyyətlə, geyimin beynin qavrama və təhlil qabiliyyətinə təsirini iddia etmək qaşınmağın boy artımına təsirini iddia etmək kimi bir şeydir.
Münasibət bildirmək istədiyim məsələ valideynlərin öz qız övladlarına hicab geyindirməsini iradənin məhdudlaşdırılması, uşaqların hüquqlarının tapdanması, seçimlərinin kənardan müdaxilə əsasında müəyyənləşdirilməsi kimi təqdim edən iddia və nöqteyi-nəzərlə əlaqəlidir.
Birincisi, bu iddianın tərəfdarları nədənsə ancaq hicab məsələsində uşaqların hüquqlarının tapdalanmasından, kənardan müdaxilənin yolverilməzliyindən, seçim hüququnun müsadirə olunmasından danışırlar. Maraqlıdır ki, valideyn müdaxiləsini ifadə edən digər hallarda biz bu cür narahatlığın şahidi olmuruq. Məsələn, bir ana qızına “retuz” geyindirib məktəb şənliyinə gətirsə, yaxud özü balerina ola bilmədiyi üçün azyaşlı qızını rəqs kursuna yazdırsa, direktor və bəzi ağzıgöyçəklərin cınqırı çıxmaz! Maraqlıdır, belə vəziyyətdə ananın seçimi qızına kənardan istiqamət vermək deyildirmi?! Bu və digər faktlar göstərir ki, ancaq hicabı azyaşlıların hüquqlarının tapdanması, azadlıqlarının müsadirəsi hesab edənlər obyektiv deyildirlər, qərəzlidirlər, odur ki Şah Abbas üçün susur, Keçəl Abbas üçün isə haray-həşir salırlar.
İkincisi, hicab məsələsinə görə hüququn təəssübkeşliyini çəkənlər söhbətin ailədən getdiyinin nədənsə fərqinə varmır, ailəni əmələ gətirən tərəfləri: valideyn və uşaqları bir-birlərinə yad subyektlər kimi təqdim edirlər. Onların dediklərindən belə başa düşürük ki, valideynin öz övladı üzərində heç bir səlahiyyəti yoxdur, ona istiqamət verə, öz dəyərləri əsasında onu tərbiyə edə bilməz! Maraqlıdır: atanın, yaxud ananın öz qızını islam dəyərləri əsasında tərbiyə etmək və ona islamın əmr buyurduğu hicab örtüyünü geyindirmək hüququ yoxdurmu? Əgər yoxdursa, onda uşaqlar üzərində səlahiyyət sahibi kimdir? Belə cəfəng iddianı irəli sürsək, onda aşağıdakı dilemma ilə üzə-üzə qalacağıq: ya biz hicab geyindirməni kənardan müdaxilə hesab edən nöqteyi-nəzəri valideynin digər bütün istiqamətlərdəki fəaliyyətinə şamil edərək onu müqəvva halına gətirib ailədəki rolunu heçə endirməliyik; ya da ancaq hicab geyindirməni müdaxilə sayan və digər məsələlərdə valideynə sərbəstlik verən nöqteyi-nəzəri mənimsəməli, bununla da təzada düşüb, qərəzli olduğumuzu boynumuza almalıyıq. Seçim sizindir!
Unutmaq olmaz ki, ailə hər şeydən əvvəl bir-birinə doğma olan, bir-biri ilə hüquqdan daha çox dəyərlər əsasında bağlanan fərdlərin mexaniki deyil, mənəvi birliyidir, müqəddəs ocaqdır, ali yuvadır! Əgər valideyn öz uşağına nəyisə qadağan edirsə, ona hansı isə məhdudiyyət qoyursa, bunu müdir-işçi, ağa-nökər münasibətləri çərçivəsində etmir, əksinə, valideyn-övlad münasibətləri əsasında edir. Valideyn olmaq dəyərdir; ata, yaxud ana uşağın bioloji törədici olmaqdan daha çox ona mənən bağlanan tərəflərdir. Təəssüf ki, modernizm valideynin öz övladına göstərişlərini avtoritar direktivlər, uşağın valideyninə bağlılığını isə köləlik, azadlığın məhdudlaşdırılması kimi təqdim edir, ailəni bütövlükdə hüquqa təhkim etməklə, onun, hər şeydən əvvəl, aksioloji qurum olduğunu unudur. Axı ailə dəyərlərin meydana çıxardığı institutdur, orada hüquq ikincidərəcəli məsələdir, onu bütövlükdə hüququn idarəçiliyinə versək, onda ya o dağılacaq, ya da gündəlik konfliktlərin yeyib-bitirdiyi söz-söhbət ocağına çevriləcəkdir. Biz təkcə hüququn tənzimlədiyi ailədaxili münasibətlərin prioritetliyindən söz açsaq, fədakarlıq, özünün unudub başqalarını düşünmə, altruizm, böyüklərə hörmətə, kiçiklərə qayğı və digər dəyərlərdən imtina etməli olacağıq. Əgər ailədə dəyərlər söz sahibi deyildirsə, onda onun möhkəmliyi və tərbiyəediciliyindən danışmağın mənası yoxdur. Valideynin öz uşağını dəyərlər əsasında tərbiyə etməsi ancaq dəyər düşmənlərini narahat edə bilər!
Üçüncüsü, sual bu cür qoyulmalıdır: biz tərbiyə işinin ailə və cəmiyyət quruculuğunda oynadığı mühüm rolu qəbul edirikmi? Yoxsa, onu kənardan müdaxilə kimi tövsif edib bir kənara atırıq? Təbii ki, tərbiyə işinin əhəmiyyətini kimsə dana bilməz. Tərbiyə işi daha çox azyaşlılarla əlaqəli məsələdir, ona görə ki məhz bu yaş mərhələsində olanların düzgün istiqamətləndirilməyə, dəyərlər əsasında yetişdirilməyə ehtiyacı vardır. Təcrübə azlığı, yaxşı və pis anlayışları müəyyənləşdirmək üçün lazımi bilik və mühakimə bacarığının hələ təşəkkül tapmaması və digər cəhətlər uşaqların davranışları və dünyagörüşlərinin kənardan formalaşdırılmasını zəruri edir. Bu baxımdan tərbiyə prosesində, dəyərlərin aşılanması zamanı kənardan müdaxilə azadlığın məhdudlaşdırılması, iradənin nəzərə alınmaması hesab oluna bilməz. Ümumiyyətlə, tərbiyə özü kənardan müdaxilənin ən böyük formasıdır. Odur ki uşaqlara hansı isə dəyərin aşılanmasını, onların onun əsasında tərbiyə edilməsini müdaxilə hesab edə bilmərik. Çünki uşağa qalsa, o özünü tərbiyə etməyəcəkdir, dərslərini oxumayacaqdır, vaxtında yatağa getməyəcəkdir, yeməyini vaxtında yeməyəcəkdir və s. Bütün bunlar kənardan müdaxiləni – tərbiyəni zəruri edir. Məhz tərbiyə və dəyərlərin aşılanması nöqteyi-nəzərindən bir valideynin öz uşağına dinin dəyərlərini öyrətməsi, ona hicab geyindirməsi kənardan müdaxilə hesab oluna bilməz. Deməli, ailə uşaq üçün fiziki və psixoloji olaraq ilk və ən mühüm sığınacaqdır, tərbiyə ocağıdır. Çünki uşaq dünyaya gələrkən özünü qoruya, ehtiyaclarını ödəyə bilmir. Məhz ailə bütün bunları onun üçün təmin edir. Ailə institutu və ailədaxili düzgün tərbiyə şəxsiyyətin formalaşmasını şərtləndirən ən mühüm tərbiyəvi məsələ hesab olunur.
Dördüncüsü, heç kəs valideyn qədər uşaqlarının taleyini düşünə bilməz. Heç bir ata, yaxud ana uşağı barədə qərar verərkən, seçim edərkən onun pisliyini düşünmür. Biz burada uşağın mənafeyini düşünən valideynlik hissindən danışırıq. Yəni, hər bir valideyndə uşağının xeyri üçün anadangəlmə çalışmaq istəyi vardır. Valideynlik şüurunun təsiri ilə ata və ana fitri istəklə uşaqları üçün yaşayır, onların xoş gələcəyi naminə əllərindən gələni edir. Bu baxımdan heç kəs, eləcə də heç bir qurum uşaqların gələcəyini onların valideynləri kimi düşünə bilməz. Elə isə hicab taxan məktəbli qızların azadlığı və iradəsi üçün narahat olduqlarını deyən direktorlar, bu uşaqların hüquqları haqqında yazan “jurnalistlər” səmimi deyildirlər və öz maraqları üçün hay-küy salırlar. Bir daha deyirik: ikinci və üçüncü tərəf (direktor, jurnalist, hüquqşünas...) uşaqlara münasibətdə valideynlərə xas bu cür fitri istəyə sahib deyildir, əksinə, onların öz maraqları vardır. Ona görə də valideynlərdə anadangəlmə mövcud olan, övladlarının yaxşılığı üçün çalışmaq, onların maddi-mənəvi maraqlarını həyata keçirmək üçün var olan atalıq və analıq duyğularını nəzərə alsaq, onda uşağa daha yaxın olan subyektlərin uşaq üzərindəki hüquqlarını tanımaqdan başqa yol qalmır.
Elvüsal Məmmədov-fəlsəfə üzrə fəlsəfə doktoru