Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Məmmədov: "Qarabağ cənnət məkana çevriləcək"



Newscenter.az.3.03.2021. Azərbaycan xalqı tarixinin ən şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya öz qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin canı, qanı bahasına azad olundu. Şanlı qələbəmizlə ərazi bütövlüyümüz təmin edildi.

Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılmasıdır.

Məlum olduğu kimi, artıq bərpa-quruculuq prosesinə diqqətlə koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, bu rayonlar növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək bu istiqamətdə indi həmin ərazilərdə artıq kənd təsərrüfatı fəaliyyətinə də başlanılıb, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Bu sahədə də Azərbaycan geniş beynəlxalq əməkdaşlığa hazırdır və müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alınır. Bunlar şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır.

Hazırkı dövrdə postmüharibə dövrü həqiqətən yeni perspektivlər açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin açılması üçün nadir imkanlar yaranır. Ötən müsahibədə Prezident İlham Əliyev müharibə başa çatdığına görə əcnəbi investorların Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlarına əmin olduğunu ifadə etdi. Hələ müharibədən əvvəl iki iri beynəlxalq şirkətin ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırması barədə müqavilələr imzalandığını və azad edilmiş ərazilərdə də bunun üçün yaxşı imkanlar olduğunu da qeyd etmək lazımdır.

Bir sözlə, Azərbaycan Prezidenti vurğuladığı kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa, quruculuq işlərini həyata keçirəcəyik. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətlənəcək, Qarabağ cənnət məkana çevriləcək.

Anar Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş