Newscenter.az.15.03.2021. "Prezident İlham Əliyevin təşəbbüsü ilə azad olunmuş ərazilərimizə vətəndaş səfərlərinin təşkili işğal faktlarının dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, media nümayəndələrinin bu prosesdə iştirakı informasiya cəbhəsində fəallığın artırılmasına zərurət yaradır. Səfərin iştirakçıları başda olmaqla, hər bir azərbaycanlı cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq, bütün imkanlarından istifadə edərək faktların dünyaya təqdim olunmasına çalışmalıdır. Bütün media resursları vasitəsilə, sosial şəbəkə üzərindən dünyaya səslənməliyik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkilinin sözlərinə görə, Ağdamda lentə alınan kadrlar həddindən artıq təsirlidir:
"Şəhər həqiqətən də ruhlar diyarını xatırladır. Ağdamın daşı daş üstə qalmayıb. Bu faktlar beynəlxalq KİV-lər tərəfindən araşdırılmalı, 30 il ərzində Ağdamın niyə bu miqyasda terrora məruz qalmasının səbəbləri öyrənilməlidir. Hər zaman faktlara istinad edən dünya mediası üçün bundan böyük fakt ola bilməz".
Deputatın sözlərinə görə, 30 illik işğal göstərdi ki, ermənilər Azərbaycana qarşı həyata keçirdikləri etnik təmizləmə və işğal siyasəti zamanı terrorun bütün növlərindən istifadə ediblər:
"Bölgədə insanlıq əleyhinə cinayət, mədəni terror, ekoloji terror məhz ermənilər tərəfindən azərbaycanlılara qarşı Azərbaycan ərazilərində törədilmişdir. Ermənilər Azərbaycan ərazilərini darmadağın etməklərinin, soydaşlarımıza məxsus məzarların dağıdılmasının izahını verməlidirlər. Ağdamdakı Şəhidlər Xiyabanının hazırki mənzərəsi dözülməzdir. Məscidlərdən tövlə məqsədi ilə istifadə etmək təhqirdir. Tarixi abidələrin saxtalaşdırılmasına dair onlarla fakt var. Mədəni irsin araşdırmaçıları bu bəşəri dəyərlərin mühafizəsini gözardı etməməlidir. Bu faktların araşdırılması və monitorinqi üçün təşəbbüslə çıxış etməlidirlər. Bu böyüklükdə faktlara ikili standartlarla yanaşmaq yolverilməzdir. Bu bu faktların izinə düşmək həm də həqiqətin izinə düşməkdir".
Ruhiyyə