Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Xocavənd, keçmiş Hadrut rayonlarına səfəri böyük və parlaq zəfərin növbəti dəfə nümayişidir



Newscenter.az.16.03.2021. "44 günlük müharibədə qazanılmış parlaq qələbədən, böyük zəfərdən sonra müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa səfərlərindən sonra Prezident İlham Əliyev və ailəsi Xocavəndə, keçmiş Hadrut rayonuna, qədim yaşayış məskəni olan Tuğ, Azıx, eləcə də Edili, Düdükçü kəndlərinə səfəri baş tutub. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Xocavənd, keçmiş Hadrut rayonlarına səfəri böyük və parlaq zəfərin növbəti dəfə nümayişidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O, bildirib ki, işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyev səfəri digər işğaldan azad olunmuş ərazilər kimi Xocavəndin də, keçmiş Hadrut rayonunun da, kəndlərinin də, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır: “Əlbəttə ki, erməni vandalları Ağdam, Füzuli və başqa rayonlarda olduğu kimi Xocavənddə də, keçmiş Hadrut rayonunda da, onun kəndlərində də böyük dağıntılar törədiblər. Azərbaycanlıların qədim yaşayış kəndi olan Tuğ kəndində azərbaycanlılara aid bütün evləri yerlə-yeksan ediblər. Erməni barbarları eyni zamanda qədim yaşayış məskəni kimi tanınan Azıx kəndini də, Azıx mağarasını da dağıtmağa cəhd ediblər. Onlar qanunsuz olaraq Azıx mağarasında işlər aparıblar. Heç bir şübhə yoxdur ki, ermənilər Azıx mağarasında qanunsuz işlər aparmaqla tarixi saxtalaşdırmağa çalışıblar. Lakin müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi ermənilər bütün bunlara görə cavab verəcəklər, dəymiş ziyanı ödəyəcəklər".

Millət vəkili qeyd edib ki, Vətən müharibəsinin bitməsindən 4 ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan sürətli bir şəkildə işğaldan azad olunmuş əraziləri bərpa edir, infrastruktur layihələrini reallaşdırır:

"Prezident İlham Əliyev Füzuli rayonundan Şuşaya qədər uzanan Zəfər yolu layihəsindən sonra Füzuli-Hadrut yolunun da təməlini qoyub. Bu yol-nəqliyyat layihələri ilə yanaşı yaxın zamanlarda Bərdə-Ağdam yolunun çəkilişi icra ediləcək. Həmçinin, Horadizdən Zəngilana qədər də yol çəkiləcək. Əlbəttə ki, bu cür layihələrin həyata keçirilməsi birbaşa işğaldan azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Görünən odur ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günə qədər bütün vədlərini yerinə yetirdiyi kimi “Qarabağı cənnətə çevirəcəyik” vədini də tezliklə reallaşdırmaq üçün siyasi iradə və qətiyyət nümayiş etdirir. Bu da xalqımızda əminlik, inam yaradır".

Ruhiyyə
Xəbəri paylaş