Newscenter.az.19.03.2021. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır, eyni zamanda, bu siyasət milli maraqlara əsaslanır, sosial ədalət və humanizm prinsiplərini özündə ehtiva edir.
Respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Bu, dövlətin humanizm siyasətini, eləcə də öz vətəndaşlarına humanist münasibətini əks etdirən mühüm faktlardan biridir. Bu müsbət ənənənin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb, ölüm hökmünə moratorium qoyulub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmayıb və sonradan bu cəza növü ləğv edilib. Bununla yanaşı, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə çoxsaylı əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlətimizin başçısının öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır. Ölkəmizdə sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib və on minlərlə insana şamil olunub.
Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dövlət başçısının milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilir. Lakin sərəncam daha çox şəxsə - 625 nəfərə şamil edilir. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.
Mən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha təşəkkür edirəm ki, Novruz bayramı ərəfəsində belə bir humanist addım atdı və on minlərlə insana sevinc bəxş etdi. Cənab Prezidentin məhbuslara bəxş etdiyi bu azadlığı ümid edirəm ki, onlar layiqincə qiymətləndirəcək və özlərinin pozitiv, qanunauyğun hərəkətləri ilə həm sevdiklərini, həm də ətrafdakı insanları sevindirəcəklər.
Milli Məclisin deputatı JALƏ ƏHMƏDOVA