Newscenter.az.20.03.2021. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu şəffaf fəaliyyəti ilə artıq özünü doğruldub. Hesab edirəm ki, Fondun yaradılması, ölkəmizdəki şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının daha da gücləndirilməsi yönündə atılmış mühüm əhəmiyyətli bir addımdır.
Döyüşlərdə yaralanmış və hal-hazırda da müalicələri davam edən əsgər və zabitlərimizə göstərilən həssaslıq, onların müalicəsi ilə bağlı atılan ən ciddi addımlar, döyüşlərdə ağır yaralanmış şəxslərin müalicə xərclərinin qarşılanması, Fondun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicə işləri, ağır yaralanmış qazilərimizin müalicə üçün Türkiyəyə göndərilməsi, Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün həyata keçirilən layihə, şəhidlərimizin övladlarının Türkiyəyə səfəri, şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində görülən işlər və s. digər reallaşdırılan layihələr “YAŞAT” Fondunun öz fəaliyyətini humanizm dəyərləri üzərində qurduğunu bir daha təsdiqləyir.
Fondun əməkdaşları ilə yaradılan telefon əlaqəsi və ya onlarla canlı ünsiyyət zamanı əmin oluruq ki, bu qurumda çalışanların hər biri Azərbaycan xalqına xas olan xeyirxahlıq və humanistlik xüsusiyyətlərini özlərində cəmləşdiriblər.
Əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis edilmiş “YAŞAT” Fonduna gördüyü bu müqəddəs işlərdə uğurlar arzu edir, Fondun yaradılmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz təşəkkürlərimi bildirirəm.
Jalə Əhmədova
Milli Məclisin deputatı