Newscenter.az.20.03.2021. Gənclər Təşkilatları Milli Şurası (NAYORA) üzv, eyni zamanda tərəfdaş gənclər təşkilatlarını öz ətrafına toplayaraq təşkilatlar arasında birlik və şəbəkələşmənin möhkəmlənməsi üçün tədbirlər həyata keçirib.
Newscenter.az xəbər edir ki, hazırda ölkəmizdə 300-dən çox gənclər təşkilatları fəaliyyət göstərir. Hər bir təşkilatın fərqli fəaliyyət istiqaməti mövcud olsa da, hər birinin amalı Azərbaycan gəncliyinin hərtərəfli inkişafına töhfə verməkdir. Bu hədəfə çatmaq üçün minlərlə gənci öz ətrafına toplayan gənclər təşkilatlarının bir olması böyük əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi qələbə bu milli birliyin əhəmiyyətini hamımıza açıq-aşkar nümayiş etdirdi.
NAYORA gənclər təşkilatları arasındakı birliyi daha da gücləndirmək üçün onları bir araya gətirib. NAYORA-nın İdarə heyəti bayram ərəfəsində ilk öncə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək Ulu Öndərin və şəhidlərimizin xatirəsinə dərin hörmət və ehtiramını nümayiş etdirdi.
Yürüşün ardınca isə ölkəmizin aparıcı gənclər təşkilatlarının nümayəndələri karantin qaydaları çərçivəsində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər ediblər. Məkan olaraq məhz sönməz alovu təcəssüm etdirən qoruğun seçilməsi gənclər təşkilatlarının birliyinin daimi olacağının rəmzi ifadəsidir. Səfər çərçivəsində iştirakçılar öz fəaliyyətlərindən bəhs edərək, fikir mübadiləsi aparıb və gələcəkdə təşkilatların mümkün əməkdaşlıq təklifləri müzakirə olunub.
Səfər Yanardağ ətrafında gənclər təşkilatlarının şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməsi ilə yekunlaşıb.
Qeyd olunmalıdır ki, NAYORA-nın bu ilki devizi #Birlikdə-dir. Artıq 26 ildir fəaliyyət göstərən NAYORA-nın əsas məqsədi öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaqdır.
Sevinc