Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Prezident İlham Əliyevin vurğuladığı kimi “Böyük Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq"



Newscenter.az.20.03.2021. “Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər etməsi artıq ənənə halını alıb. Belə səfərlərdən birini möhtərəm cənab Prezident İlham Əliyev Şuşa şəhərinə edib. Bu, Şuşa işğaldan azad ediləndən sonra Prezidentimizin ora ikinci səfəri idi. Möhtərəm Prezidentimizin Şuşaya səfərinin Novruz bayramına təsadüf etməsi isə xüsusi xarakter daşıyır. Çünki biz hər il Novruz bayramı ərəfəsində bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək. Bu arzularımız isə möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, Müzəffər Ordumuzun sayəsində çin oldu”.

Newscenter.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Şuşada olarkən Cıdır düzündə xalqımıza müraciət edib:

“Hesab edirəm ki, möhətərəm Prezidentimizin bu müraciəti də xüsusi məna kəsb edir. Prezident müraciəti zamanı isə dedi ki, “Bu gün azad Şuşada biz öz milli bayramımızı – Novruz bayramını qeyd edirik. Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik”. Bəli, Prezidentimizin də qeyd etdiyi kimi biz artıq Şuşaya qayıtmışıq və Şuşa azaddır! Onu da qeyd edim ki, digər işğaldan azad edilmiş ərazilərimizdə, kəndlərimizdə, şəhərlərimizdə, qəsəbələrimizdə olduğu kimi Şuşada da erməni vandalları dağıntılar törədiblər. Ancaq mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Artıq Azərbaycan üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda, o cümlədən Şuşada quruculuq, bərpa işləri aparılır. Qarşıdakı yaxın zamanda tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan torpaqlarımızda aparılan quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə yeni mərhələ başlayacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi “Böyük Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq”.

Jalə Əhmədova onu da bildirib ki, Azərbaycan xalqına bu tarixi zəfəri qazandıran Azərbaycan əsgəri ümummilli lider Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir. Onun fikrincə, bu iki mühüm faktor əslində həm də milli həmrəyliyimizi təmin edən komponentlərdir:

"Ulu öndər Heydər Əliyev məktəbi ənənələrindən gələn dəyərlər əsasında 2003-cü ildən sonra yeni idarəçiliyin tətbiq olunması ilə ölkəmizdə tamamilə yeni mənəvi və intellektual əsaslarda gənc nəsil yetişdirildi ki, burada iştirak edən başlıca mənəvi komponentlər isə vətənpərvərlik, cəsurluq və mənəvi dəyərlərimizə sahib çıxma duyğuları idi. Hesab edirəm ki, məhz həmin gənclər 2020-ildə Vətən müharibəsinin qəhrəmanlara çevrildilər. Vətən müharibəmizin taleyini təyin etdilər, düşmənə tarixi dərs verdilər. Məhz onlar yaxın döyüşdə rəşadət, şücaət, cəsarət nümayiş etdirərək Şuşamızı, digər torpaqlarımızı azad etdilər. Bu dünya hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələrindən biri idi. Ancaq bununla yanaşı Azərbaycanda gənclər də, orta nəsil nümayəndələri də, yaşlılar da eyni əzm, eyni coşqu ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmiz üçün əllərindən gələni etdilər. Bu isə, əslində, milli birlik və bərabərliyimizin, millət olaraq Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında yumruq kimi birləşməyimizin göstəricisi idi. Məhz bu yumruq milli birliyimizin və gücümüzün simvoluna çevrildi. Dəmir yumruq düşmənin başını əzdi, belini qırdı. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yenidən Şuşaya səfər etməsi, oradan mühüm mesajlar verməsi hər bir azərbaycanlının qəlbini fəxarət və qürur hissi ilə doldurdu”.

Ruhiyyə
Xəbəri paylaş