Newscenter.az.24.03.2021. “Şuşa bütün fəsillərdə gözəldir”
Bu kəlmələri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Şuşada deyib. Şuşada deyilən bu kəlmələr “Mən azərbaycanlıyam!” deyənlərin hamısının ruhunun göyqurşağına dönüb. 2020-ci ilin noyabrın 8-də ölkə başçısının xalqa müraciətini heç zaman unutmayacağıq: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azadddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq”.
Bu qüruru indi daha böyük iftixarla yaşayırıq.
28 ildən sonra Şuşada Novruz tonqalları qalandı, 28 ildən sonra Şuşada könüllər telləndi, Xarı Bülbül ruhumuzun kükrəyişini görüb qönçələndi. Bu yaz Şuşanın bir gecəsi son illərin ən duyğusal gecəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada çıxışında zaman anlamında dünənlərlə bu gün arasında mənəvi bağlılıq yaradaraq hər bir azərbaycanlının könlünü riqqətə gətirdi: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ Respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa”. Azərbaycan ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə ermənilərin bu niyyətini də, Azərbaycandan ərazi iddiasını da çilik-çilik etdi. İndi ölkə başçısının Şuşada qürurla dediyi kimi, “Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğanacaqdır”. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Vətən müharibəsində azərbaycançılıq erməniliyi, vətənpərvərlik işğalı qəti şəkildə məğlub etdi.
Azərbaycan Respublikasının Prezidentinin əfv fərmanı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən məhkumlar bu kəlmələri qaranlıqları nurlandıran işıq bildilər. Bu işıq onların ömrünün bundan beləsinin işığıdır. Həm də bayram ərəfəsində, bayram günlərində.
Ölkə başçısının dediyi kimi, Şuşa bütün mövsümlərdə gözəldir. Ruhumuzun şəhəri olan Şuşa bu yaz daha gözəldir.
Səbinə Xasayeva-Milli Məclisin deputatı