Newscenter.az.5.04.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində şagirdlər Aprel zəfərinin beşinci ildönümü ilə əlaqədar məlumatlandırılıb.
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ötən həftə ərzində təşkil olunmuş onlayn və ənənəvi müzakirələrdə bildirilib ki, 2016-cı ilin aprel ayında Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət kimi tarixə düşüb. Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərə geniş məlumat verilib.
Qeyd olunub ki, Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı işğal altındakı torpaqlarımız azad edilib.
Ötən həftə Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.
Şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bundan əlavə Aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx da nümayiş etdirilib.
R.Mehdiyeva