Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda 3 mindən artıq sakinin gediş-gəlişini asanlaşdıracaq yol çəkilir



Newscenter.az.27.04.2021. Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatı və turizmin inkişafını sürətləndirmək məqsədi ilə respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.

Newscenter.az xəbər verir ki, bu istiqamətdə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkə üzrə onlarla yol infrastrukturu layihəsi icra olunur. İsmayıllı rayonu da bu cür layihələrdən kənarda qalmayıb. Son iki il ərzində rayon ərazisində bir-neçə kəndlərarası avtomobil yolu yenidən qurulub.

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, cari ildə İsmayıllı rayonu ərazisində 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verilib.

Bu uzunluğu 13 kilometr olan Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması layihəsidir.

2 yaşayış məntəqəsi olan Gideyli və Kürd Eldarbəyli kəndlərinə rahat gediş-gəlişi təmin etmək məqsədi ilə torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Çünki uzun illər sözügedən yol təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı səviyyədə idi, üstəlik yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılır, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır.

Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yol əsasının inşası və yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra ediləcək. Ümumilikdə tikintinin aparılacağı ümumi sahə 130 min kv.m-dən çoxdur.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması 3 mindən artıq əhalisi olan 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.

Anar
Xəbəri paylaş