Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib



Newscenter.az.3.05.2021. Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemində aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Söz, hikmət, qüdrət, heyrət dünyasının əbədiyyət günəşi” adlı onlayn ədəbi videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı kitabxananın direktor müavini Fəridə Qədimova açaraq Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş şəxsiyyətlərin daim dövlətimizin, dövlət rəhbərimizin diqqət mərkəzində olduğunu qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il ölkəmizdə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi bu diqqətin bariz nümunəsidir.

Bildirib ki, Aşıq Ələsgər klassik ədəbiyyatımızın qaynaqlarından şirə almış, zəngin aşıq sənətini dərindən-dərinə mənimsəmiş, böyük bir novator sənətkar kimi onu yeni mərhələyə qaldıra bilmişdir. Aşıq Ələsgər böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir.

Tədbirdə Milli Məclisin deputatları Əziz Ələkbərli, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Pərvin Kərimzadə, Aşıq Ələsgər yaradıcılığının istedadlı tədqiqatçısı, sənətşünaslıq üzrə elmlər doktoru Fəxrəddin Salim, professor Ələddin Allahverdiyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, kimya elmləri doktoru Elman Mövsümov, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli, Dədə Ələsgərin kötükcəsi Sima Azadqızı, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov, Aşıq Ələsgər ocağının nümayəndəsi Xətai Ələsgərli və başqaları Dədə Ələsgər yaradıcılığının sirrindən, sehrindən danışaraq, onun yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını söyləyiblər.

Tədbirdə Aşıq Məhəmməd Fərzəqaninin və Aşıq Ələsgərin nəticəsi Füzuli Ələsgərlinin ifasında klassik sənətkarın şeirləri və saz havaları səslənib.

Sonda tədbirin aparıcısı Fəridə Qədimova görkəmli şəxsiyyətlərin daim xatırlanması, yaşanması üçün diqqət və qayğısına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirib. Qeyd edib ki, Aşıq Ələsgər yaradıcılığı elə zəngin bir xəzinədir ki, bu xəzinədən insanlar illər, əsrlər keçdikcə faydalanacaq.
Xəbəri paylaş