Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cinayət məsuliyyətindən hansı hallarda azad olmaq mümkündür?



Newscenter.az.21.05.2021. Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər vətəndaşların şəxsi və ictimai mənafelərinin, hüquqlarının cinayətkar qəsdlərdən müdafiəsinə yönəldiyindən qanun tərəfindən müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var.

Cəmiyyətimizdə baş verən kriminal əməllərdən, qəsdlərdən qorunmaq müvafiq dövlət orqanlarının (məsələn, polis orqanlarının) vəzifəsidir. Bəzi hallarda hər hansı vətəndaş cəmiyyətin, kollektiv və ya şəxsi maraqların bu tip əməllərdən qorunması istiqamətində müəyyən tədbirlər görür, cinayət xarakterli təhlükənin qarşısının alınması üçün vətəndaşlıq borcunu yerinə yetirir. Bu zaman cinayət qanunvericiliyi ilə qorunan ictimai münasibətlərə və ya hər hansı şəxsə ziyan yetirilməsi mümkün hesab edilir. Qeyd edilməlidir ki, kriminal xarakterli qəsdlərdən qorunmaq vətəndaşların hüququdur, vəzifəsi deyil. İlk baxışda qeyd edilən təbdirlər cinayət xarakterli olsa da, əslində bu tip hərəkətlərə zəruri müdafiə, son zərurət, cinayət törətmiş şəxsin tutulması zamanı yol verildiyindən belə əməllər cinayət hesab edilmir. Zəruri müdafiə dedikdə özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət başa düşülür. Qısası, kriminal qəsddən qorunmaq üçün şəxsin qəsd edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunması zəruri müdafiə deməkdir. Bu növ hərəkətlərin cinayət sayılmaması üçün vacib amil zəruri müdafiə həddinin aşılmamasıdır. Yəni, zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər qarşısı alınan qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmədikdə, bu zəruri müdafiə həddini aşmaq hesab edilir. Məsələn, bağından meyvə oğurlandığını görən bağ sahibinin oğurluq edən şəxsi odlu silahla atəş açaraq öldürməsi.

Zəruri müdafiə zamanı əsas şərtlər ondan ibarətdir ki, cinayət törətmiş şəxsin qəsdi ictimai təhlükəli xarakter kəsb etməli, real, mövcud və həqiqi olmalıdır. Bu növ qəsdlərin qarşısını alan hərəkətlər isə ictimai-təhlükəli əmələ qarşı, qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməli və qəsdin xarakterinə, təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Məsələn, iki polis əməkdaşı inkasator avtomaşını ilə yola düşür, yolda müəyyən ərzaq məhsulları almaq üçün avtomaşını hər hansı mağaza qarşısında saxlayır, polis əməkdaşlarından biri mağazaya daxil olur, digəri isə avtomaşında gözləyir, bu zaman avtomaşının yaxınlığından keçən sərxoş bir neçə gənc xuliqanlıq məqsədi ilə avtomaşına daxil olaraq polis əməkdaşına xəsarət yetirmək və oğurluq etmək istəyirlər, polis əməkdaşı da avtomaşından düşərək üzərindəki odlu tabel silahı ilə havaya xəbərdarlıq atəşi açır, sərxoş gənclər bundan qorxaraq qaçırlar, bu zaman ətrafdan keçən digər bir şəxs kömək məqsədi ilə polis əməkdaşına yaxınlaşır, mağazada olan polis əməkdaşı isə silah səsini eşidərək bayıra çıxır və kömək göstərmək üçün yaxınlaşan şəxsin digər polis əməkdaşına hücum etdiyini zənn edərək həmin şəxsə odlu tabel silahı ilə atəş açır. Qeyd edilən nümunədə ictimai təhlükəli qəsd mövcud olmayıb, sadəcə şəxs qəsdin olmasını xəyal edib (xəyali müdafiə). Bu zaman edilmiş hər hansı hərəkət zəruri müdafiə kimi qiymətləndirilməməlidir.

Son zərurət dedikdə şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün qanunvericiliklə qorunan obyektlərə zərər vurmaq yolu ilə müəyyən hərəkət etməsi və həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün olmaması anlaşılır. Yəni, hər hansı şəxs qeyd olunan mənafeləri bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün qanunla qorunan obyektlərə zərər vura bilər, lakin belə zərər də mütləq qarşısı alınan zərərdən az olmalıdır. Qeyd edilməlidir ki, son zərurət vəziyyətini doğuran təhlükə mövcud olmalı, həqiqi və real olmalıdır. Belə təhlükələr müxtəlif ola bilər. Məsələn, təbii fəlakətlər, ictimai fəlakətlər (yanğın, partlayış).

Son zərurət vəziyyətində müəyyən hərəkətlərin edilməsi üçün şəxsin, dövlətin, cəmiyyətin mənafeyini qorxu altına salan təhlükə baş verməli və davam etməlidir. Belə təhlükəni aradan qaldıran hərəkətlər isə şəxsin, dövlətin, cəmiyyətin mənafeyinin müdafiəsinə yönəlməli, zərər təhlükə mənbəyinə deyil, üçüncü şəxslərə vurulmalı və təhlükə başa çatanadək, vaxtında onu aradan qaldırmağa yönələn hərəkətlər edilməlidir. Məsələn, sürücü sərnişin avtobusunu sürətli şosse yolda idarə edərkən avtomaşında qəflətən baş verən nasazlıq nəticəsində idarəetməni itirmək təhlükəsi yaranır, bu zaman avtobusun dərəyə aşmasının və insanların həlak olmasının qarşısını almaq məqsədi ilə sürücü avtomaşını yolun digər tərəfində olan kafeyə tərəf sürür, bu zaman kafeyə ciddi maddi ziyan dəyir və kafedə çalışan əməkdaşlardan biri həlak olur. Digər misal, böyük ticarət mərkəzinə hücum etmiş terrorçular çoxlu sayda insanı girov götürərək onların azad edilməsi üçün külli miqdarda pul tələb edirlər, sonradan tələb etdikləri pulu almalarına baxmayaraq, insanları girovluqdan azad etmirlər, insanların azad olunması zamanı keçirilmiş əməliyyat gedişində terrorçular tərk-silah olunur, bu zaman girov götürülmüş şəxslərdən ikisi həlak olur. Bu misallarda qeyd edilən hərəkərtlər son zərurət zamanı edilən hərəkət kimi qiymətləndirilməlidir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş