Newscenter.az.22.05.2021. "Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o, sonda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur”.
Məhəmməd Cəlaləddin
İnsan doğulan gündən onun həyat romanı yazılmağa başlayır. Özü yazmır! Görünməz bir əl yavaş-yavaş qeydlər aparıb, səhifələri bir-birinin ardınca düzür.Səhvlərinlə, düzlərinlə, sevincinlə, kədərinlə yazıya qarışa
bilirsən artıq. Ancaq bir şərtlə. Yalnız öz şəxsiyyətini dərk etməyə, öz ilahi missiyanı anlamağa çalışsan, buna qadir olarsan. Əks halda, yenə də günü günə calayacaqsan, görünməz əl də sənin romanını yazacaq. Bu həyatda hər şeyin bir təyinatı, bir mənası var. Onlardan bəziləri bizə o qədər əhəmiyyətsiz görünür ki, yanından ötüb keçir, varlığı ilə yoxluğuna heç fərq qoymuruq.
Bəzilərinə isə, əksinə, o qədər böyük ehtiyac hiss edirik ki, hər xırdalığına qədər öyrənməyə çalışırıq. Bəzən bunların yerini dəyişik də salırıq – əhəmiyyətsiz şeyləri həyatımızın amalına çevirib vacib olanı isə harasa arxa plana itələyirik. Bəzən istər şəxsi həyatda, istər iş həyatənda Mənə elə gəlir ki, sehrli bir əl bütün tilsimli qapıları, cəsarət, hünər dolu sandıqları, yeni ideya, kəşflər dolu boğçaları açır..... Ancaq burada bir incə məqam da var. Elə məsələlər var ki, yalnız düşüncə oturuşandan sonra öz əhəmiyyətini göstərir. Nağıllardakı 40-cı otaq kimi yalnız 39 qapını açandan sonra onun varlığından xəbər tutursan.
Bəli, İnsan Allahın yaratdıqlarının əşrəfidir və özündə bütöv bir xəzinəni ehtiva edir. Axı, o, Allahın yer üzündə xəlifəsi, Onun əmanətinin tək daşıyıcısı, öyrətdiyi adların tək bilicisi, bütün varlıqların səcdə etdiyi, öz yaradılışını dərk edə bilən və mənəvi yolçuluğu Yaradana “iki yay məsafəsinə” qədər uzanan yeganə varlıqdır.
Kamillik yolu üzrə pillə-pillə yüksəlib, öz əzəli məkanına yetməyin yolu - özünü və Allahını dərk etməkdi.Bu isə, o deməkdi ki, hər bir kəsin kamilliyi, onun, öz əzəli məkanına aparan Yolu düzgün getməsindən ötrü hansı dərəcədə çalışmağından və buna hansı dərəcədə nail olmağından asılıdı.
Toxumu becərən, onu becərir. Özü səpir, özü də, üyüdür.Əbədi hərəkətdə olan hərlənir, o toxumu üyüdən, onu üyüdür. Toxumdan un düzəldən dəyirman budu. Özü əkir, özü becərir, özü həyat verir, özü də, onu (həyatı) alır.
Var-dövləti də, vəzifəni də, verən də, alan da, Odu. Xoşbəxtliyin də, səbəbi Odu. Öldürmək də, Diriltmək də, Onun İşidi. Haqqın Hökmü [Qədər] deyilən bütün işlərin xeyirlə sonuclanması ümidi ilə...
Aygül Bağırova-AzərbaycanJurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" media mükafatı laureatı