Newscenter.az.13.09.2021. Son günlər bir neçə məmur və ictimaiyyət nümayəndələrinin intim videolarının yayıldığının şahidi oluruq. Bu videolar necə hazırlanır?
Zərərçəkənlər tanımadıqları şəxslər tərəfindən mesaj və videozənglər alırlar. Zəngi açan kimi ekranda lüt bir qadın görürlər. Qadın seksual hərəkətlər edir, kişilərin diqqətini çəkir. Ardınca zəngi söndürüb onlardan da eyni şeyi etməyi istəyirlər. Adətən ikinci zəngdən sonra kişilər tora düşür. Onlar da lüt qadının bədəninin nümayiş etdirməsinə adekvat cavab verir, soyunur, seksual hərəkətlər edir.
Tora düşən kişilər elə sanır ki, bu, həqiqətən iki şəxs arasında olan videozəngdir və bu görüntüləri onlardan başqa heç kəs görmür. Lakin videozəngi edən şəxs ekranda görünən adam deyil, həmin lüt qadın real adam deyil, o, əvvəlcədən hazırlanmış bir pornoqrafik görüntüdür. Həmin qadın videosunu görüb real şəxs bilən, soyunan kişilər isə bundan xəbərsizdir ki, videozəng qeydə alınır. Zəng bitdikdən bir neçə müddət sonra isə hər iki şəxsin lüt görüntüləri zərərçəkənə göndərilərək şantaj olunur. Onlardan müəyyən məbləğdə pul tələb olunur, əks təqdirdə görüntülərin ictimailəşdiriləcəyi bildirilir. Təəssüf ki, şantaj edən tərəf bir dəfə pul almaqla məsələdən vaz keçmir. Pul aldıqdan bir müddət sonra yenidən həmin şəxsi şantaj etməyə başlayır, zərərçəkənin imkanından asılı olaraq daha böyük məbləğdə pul istəyir. Bu şantaj zəncirinin sonu yoxdur. Ona görə də belə hallarda şantaj edənə pul vermək düzgün deyil. Ödəniş etmək əksinə, məsələnin böyüməsinə səbəb olur. Pul verən şəxslərin videosu öncə paylaşılmasa da, növbəti dəfə pul tələbi edildikdə zərərçəkən bundan imtina etdiyi halda, şantaj davam edir və sonda həmin görüntülər də ictimailəşdirilir.
Bu tələyə düşən əksər şəxslər yaşlı nəslin nümayəndələridir. Bunun da bir neçə səbəbi var. Əsas səbəb odur ki, əksər yaşlılar texnoloji yeniliklərdən xəbərsizdir. Gənclər ilk baxışdan bu videozəngin saxta olduqlarını bilir, tora düşmür. Tora yaşlıların düşməsinin digər səbəbi isə onların həyatda gənc qadınlarla münasibət qurması, yatağa girməsinin çox da əlçatan olmamasıdır, videozəng isə onlar üçün göydəndüşmə olur.
Əlavə olaraq bildirim ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ mövcuddur. Eyni zamanda hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Həmin Məcəllənin 156.2-ci maddəsinə əsasən eyni əməllər: 156.2.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 156.2.2. məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Zərərçəkmiş və hüquqları pozulmuş şəxslər onlara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən kompensasiya da tələb edə bilər. Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilibsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da var.
Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir. Həmçinin mülki məsuliyyətə də səbəb ola bilər. Bu əməli törədən şəxslərin təqsiri məhkəmə qaydasında sübuta yetirilərsə, onlara qanunvericiliklə müəyyən olunmuş qaydada cəza təyin edilə bilər. Eyni zamanda şəxsi toxunulmazlıq hüququ pozulmuş zərərçəkmiş şəxslərin bu hüququn pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini pozan tərəfdən tələb etmək hüququ da var.
Əli İbrahimov-hüquqşünas