Ukraynanın Roven vilayətində sərnişin avtobusu və yanacaq daşıyan maşının toqquşması nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti özünün teleqram kanalında məlumat yayıb.
Qəza Kiyev-Çop avtomobil yolunda, Dubensk rayonunun Sitnoye kəndi yaxınlığında, yerli vaxtla saat 19:30 radələrində baş verib. "Avtobusla yanacaq daşıyan avtomobilin toqquşması, ardınca avtomobillərdə yanğın baş verib. İlkin məlumata görə, 17 nəfər ölüb, 6 nəfər yaralanıb", - nazirlikdən bildirilib.
Hazırda magistral yol avtomobillərin hərəkəti üçün bağlanıb. Ukrayna mətbuatının yaydığı kadrlarda yanacaq maşının və avtobusun demək olar, tamamilə yandığı görünür.
Qəzanın başvermə səbəbi açıqlanmır. Daha əvvəl hadisə zamanı 15 nəfərin öldüyü xəbər verilib.