Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur


1941-1945-ci illər Böyük Vətən müharibəsi başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi.Statistik rəqəmlər sübut edir ki, minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Müharibənin başlanğıcında təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Müharibənin birinci ilində Azərbaycan Kommunist Partiyası 40 min kommunisti cəbhəyə göndərdi. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci,392-ci, 394-cü,396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.

1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına,30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci,223-cü, 271-ci,396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Böyük Vətən müharibəsində adlarını tarixə yazmış azərbaycanlılar haqqında hər birimiz məlumatlıyıq.Bir daha xatırlatmaq yerinə düşər ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar.

Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Hələ 2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən İkinci Dünya müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız".

Mətanət Qəribova – Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru,YAP fəalı
Xəbəri paylaş