Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəyə səfər edəcək. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hava limanının açılışında iştirak edəcək.
Regionda çox ciddi hadisələr baş verdiyi bir vaxtda iki qardaş ölkə liderlərinin görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımızın Rize-Artvin hava limanının açılışında iştirak etməyi onunla həmkarı arasında müzakirələr üçün yaxşı fürsətdir.
Prezidentlərin haqqında fikir mübadiləsi apara biləcəkləri bir neçə məsələ var. Bunlardan biri Ermənistanla əlaqələrin normallaşmasıdır. Proseslərin sürətləndiyi bir vaxtda Ermənistanda baş verən aksiyalar daxildəki müxalifətin, həmçinin Rusiyanın proseslərə münasibətindən xəbər verir. Yəqin ki, prezidentlər Ermənistanla əlaqələrin normallaşması istiqamətindəki perspektivlər haqqında danışacaqlar.
İkinci mühüm məsələ isə, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə olacaq. Savaş iki ay əvvəl başlayıb və tərəflər hələ də razılıq əldə etməyiblər. Səslənən bəyanatlar və baş verən proseslər onu deməyə əsas verir ki, yaxın gələcək üçün sülh gözlənilmir. Deməli, dünya dövlətləri, o cümlədən Azərbaycan və Türkiyə hadisələrə dair mövqelərini gücləndirməlidirlər. İndiyədək hər iki dövlət rəsmiləri, o cümlədən liderlər Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib və tərəfləri sülhə çağırıblar. Çox güman, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündə də bu mövqeyin davam etdirilməsi barədə razılıq əldə olunacaq.
Əlbəttə, ölkə rəhbərləri digər məsələlər, o cümlədən Dnestryanıda baş verənlər haqqında da müzakirə apara bilərlər.
İstənilən halda Bakı və Ankara həmişə olduğu kimi, bundan sonra da regional və beynəlxalq məsələlərdə bağlı koordinasiyalı addımlar atacaqlar. Buna tərəflər arasında imzalanan və hər iki ölkə parlamentinin təsdiqlədiyi "Şuşa Bəyannaməsi" də şərait yaradır.
İnanmaq olar ki, Prezident İlham Əliyevin türkiyəli həmkarı ilə görüşü baş verən və gələcəkdə baş verə biləcək proseslərlə bağlı tərəflərin eyni mövqedən çıxış etmələri üçün vacib tarixi hadisə olacaq.
Kənan Novruzov-siyasi ekspert